-
- 25-10-2023, 10:38
- 992
Evsizlərə ŞAD XƏBƏR - Azərbaycanda hamı ev ALACAQ
"Əhalinin ipoteka kreditləşməsinə çıxış imkanının genişləndirilməsi məqsədi ilə sabit vergi ödəyicilərinin də (aşbaz, bərbər, dayə və digərləri) ipoteka kreditlərinə çıxşını təmin etmək üçün müvafiq tədbirlər hazırlanıb".
News24.az cəbhə.info-ya istinadən xəbər verir ki, bunu İpoteka Kredit və Zəmanət Fondunun (İKZF) baş direktoru İlham Kələşov deyib. Onun sözlərinə görə, bu yeniliklərin tətbiqi ilə bağlı təkliflər qanunvericilik şəklində aidiyyəti üzrə təqdim edilib:
"Müvafiq qaydada təsdiq prosesini keçdikdən sonra, yəqin ki, yaxın vaxtlarda bu yeniliklərin də istifadəsi mümkün olacaq".
Qeyd edək ki, bu gün mənzilə ehtiyacı olan vətəndaşların əsas problemlərindən biri məhz ipoteka krediti zamanı ödəniş məbləğinin yüksək olmasıdır. Məhz bunu nəticəsidir ki, mənzil almaq istəyən bir çox vətəndaş ipoteka kreditindən faydalana bilmirlər.
Sabit gəlirli aşbaz, bərbər, dayə və digər vətəndaşların ipoteka kreditlərindən yararlanması üçün maddi imkanı çatacaqmı?
İqtisadçı-ekspert Rəşad Həsənov açıqlamasında sabit vergi ödəyiciləri hesab edilən şəxslər kifayət qədər gəlir əldə etdiklərini deyib:
"Məsələn, bu gün xüsusilə də bərbərlər, dərzilərin gəlirləri var. Söhbət ipotekadan gedirsə, ipotekanın nə qədər həcmdə götürülməsi, aylıq borcun məbləğindən asılı olaraq ipoteka götürənin vəziyyətinin qiymətləndirilməsi daha yaxşı olardı. Məsələn, elə ipoteka götürülə bilər ki, onun aylıq ödəniş məbləği 150-200 manatdır. Bu aspektdən qiymətləndirsək, regionlarda daşınmaz əmlakın qiyməti aşağıdır. Bu imkan yaradır ki, həmin insanlar ipotekadan istifadə etməklə mənzil sahibi olsunlar. Az borclanırlar, çünki qiymət aşağıdır. Daha kiçik aylıqları icra etməklə bu öhdəliyi yerinə yetirə bilirlər.
Bu baxımdan mən düşünürəm ki, şərait yaradılması lazımdır. Eyni zamanda, onların müəyyən bir gəlirləri olsa da, onlar tam müdafiə olunan sosial qrupları da deyillər. Sadəcə həssas qruplardan qismən daha yaxşı dolanışığı olan insanlardır ki, bu imkanlar mənzil təminatını yaxşılaşdırmağa o qədər də imkan yaratmasa da, müəyyən gəlirləri var. Bu sahədə fəaliyyət göstərənlərin əksəriyyəti peşə sahibləridir. Peşə sahibləri öz fəaliyyət sahələrində davamlı çalışırlar. Onların bu imkandan istifadə etmək hüququ var və bu şəraitin yaradılması məqbuldur".
Ekspertin sözlərinə görə həmin sabit vergi ödəyiciləri olan peşə sahiblərinin gəlirləri vergiyə münasibətdə müəyyənləşmir:
"Gəlirləri qismən qiymətləndirmək olar. Məsələn, vətəndaşın yığdığı vəsaiti, ilkin ödəniş qabiliyyətini, yaxud digər aktivləri, kommunal öhdəliklərinin yerinə yetirilməsi, məsuliyyətliyini və s. nəzərə almaq olar. Eyni zamanda, bugünkü ipoteka mexanizmində vacib deyil ki, vətəndaşın ödəmə qabiliyyəti mütləq maksimum səviyyədə qiymətləndirilsin. Çünki onsuz da predmetin özü girovdur. İlkin ödəniş məbləği yüksəkdir. Bankların əksəriyyəti 30 faizdən çox ödəniş tələb edirlər.
Bu şərtlər daxilində satılan mənzil üçün gəlirin haradan əldə edilməsi əsas deyil. Məsələn, hansısa qohumu verəcək. Bir məsələ də aydındır ki, Azərbaycanda mənzil məsələsi bəzən nəinki ailə, hətta tayfa qayğısına çevrilir. Sadəcə həmin insanların azgəlirli olmasını qəbul etmək lazımdır. Dövlət qulluğunda işləyən insanlara ipotekanın verilməsindənsə, o sosial qruplara ipotekanın yolunun açılması daha məqsədəuyğundur".
Ekspert burada heç bir ciddi risk görmür:
"Onlar mümkün olduğu qədər o öhdəliklərini yerinə yetirməyə çalışacaq və bunun üçün səy göstərəcəklər".