Azərbaycanda qış sərt keçəcək - Bu qurumlara tapşırıqlar verildi
    • 15-11-2023, 11:10
    • 301

Azərbaycanda qış sərt keçəcək - Bu qurumlara tapşırıqlar verildi

Paytaxtda qışa hazırlığın vəziyyəti ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirə edilib.

İlk müşavirələr paytaxtın Xətai, Nizami və Binəqədi rayonlarında keçirilib. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, şəhərin kommunal və digər xidmətlərinin rəhbərləri də iştirak ediblər. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda qış mövsümünə hazirlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıblar.

Bildirilib ki, son günlərdə ölkənin dağ rayonlarına əvvəlki illərlə müqayisədə daha çox qar yağması qışın sərt və yağmurlu keçəcəyindən xəbər verir. Bununla əlaqədar rayon icra hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.

Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə cağırış edilib.