DSX-nin Xüsusi Məktəbinə şagirdlərin qəbulu ilə bağlı imtahan keçirilir
    • 6-04-2019, 12:34
    • 1 454

DSX-nin Xüsusi Məktəbinə şagirdlərin qəbulu ilə bağlı imtahan keçirilir

Aprelin 6-da Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin V sinfinə 2019-2020-ci tədris ili üçün şagirdlərin qəbulu ilə bağlı imtahan keçirilir. News24.az-ın xəbərinə görə, "Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən imtahanda 48 yer üçün 1227 uşaq imtahan verir. İmtahan Azərbaycan dili və riyaziyyat fənləri üzrə test üsulu ilə aparılır. İmtahanın gedişini Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və şagirdlərin valideynləri də izləyirlər. Məktəbə qəbulla əlaqədar sənədlərin qəbulu bu il fevralın 15-dək həyata keçirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2014-cü il 22 may tarixli Fərmanı ilə xüsusi təyinatlı təhsil müəssisəsi statusu verilmiş Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin məzunları 2015-ci ildən etibarən DSX Akademiyasında hərbi təhsil alırlar.