A.S.Puşkinin 220 illiyinə həsr olunmuş konsert və müsabiqənin növbəti mərhələsi KEÇİRİLİB
    • 10-04-2019, 22:00
    • 1 102

A.S.Puşkinin 220 illiyinə həsr olunmuş konsert və müsabiqənin növbəti mərhələsi KEÇİRİLİB

Aprelin 9-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev muzeyində Rusiya Federasiyanın Azərbaycan Respublikasındakı Səfirliyi, Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə dahi rus şairi A.S.Puşkinin 220 illiyinə həsr olunmuş konsert və müsabiqənin növbəti mərhələsi keçirilib.

Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, müsabiqədən öncə muzeyin əməkdaşı Zivər Məmmədova iştirakçıları və qonaqları Qara Qarayevin ev muzeyi ilə tanış etmiş, görkəmli bəstəkarın yaradıcılığı haqqında ətraflı məlumat verib.

Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin əməkdaşı, Azərbaycanda Rus Dilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Timofeyevna Yakunina, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, “Günay” Uşaq Teatrının rejissoru, Əməkdar mədəniyyət işçisi Larisa Tarusova çıxış etmişlər.

Müsabiqədə Bakı Musiqi Akademiyasının tələbələrinin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, Bakı və Sumqayıt şəhər məktəblərinin Azərbaycan və rus bölmələrinin şagirdlərininm ifalarında A.S.Puşkin poeziyasından rəngarəng nümunələr, nağıllardan səhnəciklər  və musiqi  proqramı təqdim olunub.

Müsabiqə iştirakçılarının ifaları Bakı Musiqi Akademiyasının müəllimi, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina, “Günay” Uşaq Teatrının rəhbəri Larisa Tarusova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova kimi tanınmış mütəxəssislərdən ibarət Münsiflər heyəti tərəfindən qiymətləndirilib.