Dələduz həkimin məhkəməsi başlayıb
    • 11-01-2024, 17:44
    • 125

Dələduz həkimin məhkəməsi başlayıb

Dövlətə 1.6 milyon manat dəyərində zərər vurmaqda, eləcə də Bakıda müğənniyə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovun məhkəməsi başlayıb.

News24.az "Report"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, təqsirləndirilən şəxs 2011-2016-cı illər ərzində Laçın rayon Mərkəzi xəstəxanasında baş həkim vəzifəsində çalışıb. 2017-ci ilin aprelindən 2018-ci ilin mayınadək isə Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi olub.

İş üzrə 3 zərərçəkmişlər müğənni Dəniz Əsədova, Dövlət Sosial Müdafiə Fondu və Səhiyyə Nazirliyidir.

Əldə edilən məlumata görə, təqsirləndirilən şəxsin dövlətə vurduğu zərər 1 milyon 646 min manatdan artıqdır.

R.İsfəndiyarov müğənni Dəniz Əsədovadan isə aldatma yolu ilə 627 min manat pul alıb. O, istintaq müddətində vəsaitin 100 min manatını geri qaytarsa da, digər hissəsini verməyib. Müğənni R.İsfəndiyarovun həbs edilərək ağır cəzalandırılmasını tələb edib.

Təqsirləndirilən şəxsin vəkili işə xitam verilməsi ilə bağlı vəsatət qaldırıb.

Hər iki tərəfin müdafiəçilərinin vəsatətlərinin çox olması səbəbindən məhkəmənin hazırlıq iclası yanvarın 25-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Rauf İsfəndiyarova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.