9 yaşlı uşaqla bağlı DƏHŞƏTLİ FAKTLAR - VİDEO
    • 28-01-2024, 22:58
    • 1 553

9 yaşlı uşaqla bağlı DƏHŞƏTLİ FAKTLAR - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün metropolitenin polis əməkdaşları tərəfindən 9 yaşlı kimsəsiz uşaq aşkarlanıb. Onun valideynləri tərəfindən döyüldüyü bildirilir.

Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə News24.az-a açıqlamasında uşağın roman qrupuna aid ailədən olduğunu bildirib. O qeyd edib ki, təxminən 9 yaşlarında olan uşaq təhsildən də yayındırılıb:

“Sənədlərinin olub-olmaması barədə hələ məlumat yoxdur. Biz mütəmadi olaraq roman qruplarından olan ailələrlə işləyirik. Uşaqların diləndirilməsi, onlara qarşı şiddətin qarşısının alınması ilə bağlı ötən il bu qrupdan neçə uşağın hüquq-mühafizə orqanları və aidiyyatı dövlət qurumları ilə birgə ailədən alınaraq, təhsilə cəlb edilməsi, dövlət müəssisələrinə yerləşdirilməsi məsələsini qaldırmışıq və buna nail olmuşuq”.

K.Ağazadə bu istiqamətdə dövlətimiz tərəfindən işlər görüldüyünü qeyd edib:

"Sadəcə, bunlar etnik qrup kimi tanınmayan qaraçı qrupundandırlar. Hələ ki, onlarla davamlı olaraq işləyəcək bir icma mərkəzi formalaşmayıb. Bu şəxslərin əsasən, Azərbaycanın doqquzdan çox rayonunda məskunlaşıblar. Həmin rayonlar - Bakı şəhəri, Yevlax, Zaqatala, Bərdə, Ağdaş, Quba və Xaçmazda yerləşdikləri  ərazilər var. Mütəmadi olaraq icra hakimiyyətləri ilə əməkdaşlıq edirik. Əgər doğrudan da, valideynlər şiddət göstəriblərsə, mütləq cəzalandırılacaqlar".

Həmsöhbətimiz deyib ki, uşaq sabah tibbi müayinədən keçiriləcək:

"Lazımi yoxlamalar aparılacaq və bundan sonra nəticələrə əsasən, qərar verəcəyik. Sabahdan bu işlə bağlı təhqiqat başlanılacaq. İlk olaraq uşağın harda yaşadığını müəyyən etməliyik, amma böyük ehtimalla Sabunçu rayonun ərazisində yaşayanlardandır".

Mehriban Mirzəzadə