Parklanma qiymətləri ilə bağlı — AÇIQLAMA
    • 30-01-2024, 15:30
    • 547

Parklanma qiymətləri ilə bağlı — AÇIQLAMA

Son zamanlar bəzi insanlar hava limanındakı parkinq qiymətlərinin bahalığından şikayətlənir. Şikayətçilər bildirir ki, bir neçə saat üçün 30 AZN ödəmək məcburiyyətindədirlər. Bəs, həqiqətən də qiymətlər belədirmi?

Məsələ ilə bağlı suallarımıza cavab tapmaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti ilə əlaqə saxladıq.

Hava limanında parkinq yerlərinin ümumi sayı 2 min, gün ərzində əraziyə giriş-çıxış edən nəqliyyat vasitələrinin sayı isə orta hesabla 12-14 min təşkil edir. 

Bu sözləri News24.az-a açıqlamasında Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat katibi Nərmin Xəlilova deyib. O bildirib ki, parkinq istifadəçilərinin 90 faizdən çoxunu qısa müddətə - 2 saata qədər avtomobillərini park edənlər təşkil edir: 

“Onlar üçün tariflər dəyişməz olaraq qalır, məsələn elə 2 saata qədər parklanma tarifi 1 AZN təşkil edir. Bununla yanaşı, hava limanına daxil olarkən ilk 15 dəqiqə üçün ödəniş tələb olunmur.

Həmçinin, dünya təcrübəsinə nəzər salsaq hava limanında daha məhdud yer və yüksək tələbat olduğundan parklanma tarifləri həmişə şəhərdəkindən yüksək olur. Bununla belə, Heydər Əliyev Beynəlxalq Aeroportunda parklanma tarifləri digər ölkələrin beynəlxalq aeroportları, o cümlədən paytaxtın digər ərazilərində yerləşən parklanma zonaları ilə müqayisədə yenə də aşağıdır və ya eynidir”.

Mehriban Mirzəzadə