Elmar Məmmədyarov Polşada daha bir görüş keçirdi
    • 18-04-2019, 10:05
    • 960

Elmar Məmmədyarov Polşada daha bir görüş keçirdi

Polşa Respublikasına rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov Polşanın Dəniz iqtisadiyyatı və daxili naviqasiya naziri Marek Qrobarçik ilə görüşüb. News24.az-ın məlumatına görə, nazir Marek Qrobarçik  Polşa Limanlarının fəaliyyəti  haqqında ətraflı məlumat verərək, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə böyük potensialın mövcudluğunu vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanla Polşa arasında limanlararası əməkdaşlığın vacibliyini qeyd edərək, Bakı Beynəlxalq Dəniz ticarəti Limanı və limanın tikintisinin hər üç mərhələləri haqqında dolğun məlumatı qarşı tərəfin diqqətinə çatdırıb. Həmçinin nazir Bakı Beynəlxalq dəniz Ticarəti Limanı ilə Qdansk dəniz Limanı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun artıq razılaşdırıldığını qeyd edib.

Daha sonra M.Qrobarçik Azərbaycanla gəmiqayırma sahəsində əməkdaşlıq etməyə maraqlı olduğunu qeyd edərək, iki ölkə arasında texnologiya sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Nazir M.Qrobarçik ölkəsinin dəniz məhsullarının istehsalı ilə bağlı Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə iki ölkə arasında tranzit və inter modal daşımaçılıq məsələləri haqqında müzakirələr aparılırıb.

Nazir Elmar Məmmədyarov M.Qrobarçiki  Azərbaycana səfər etməyə dəvət edib.