Həftəlik iş saatları dəyişir
    • 19-02-2024, 13:03
    • 129

Həftəlik iş saatları dəyişir

Türkiyədə həftəlik iş saatları yenilənəcək. Yeni qanun layihəsi çərçivəsində əmək qanunvericiliyində dəyişiklik edilir.

News24.az xəbər verir ki, Türkiyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işçilərin daha da müdafiəsini təmin edəcək yeni qanun hazırlamağa başlayıb. Milyonlarla insanı təsir edəcək qanunla həftəlik iş saatlarının azaldılması gözlənilir. Hazırda orta hesabla 45 saat olan iş saatı yeni qanunla 35-40 saata endiriləcək.

Əmək və Sosial Müdafiə naziri Vedat Işıkhan deyib: "Bu bir çox məsələlərdə, xüsusilə iş saatları, əmək haqqı və məzuniyyət hüququ ilə bağlı yeni qaydalara ehtiyac olduğunu bildirib. Bu çərçivədə Türkiyə Böyük Millət Məclisində tədbir görülüb".

Qanun layihəsində bütün sektorlarda həftəlik iş saatının 35-40 saata endirilməsi nəzərdə tutulur. Hazırda sənaye sektorunda 45, mətbuat və dənizçilik sektorunda isə 48 olan limitlər qanunla tədricən azaldılacaq. Bundan əlavə, illik məzuniyyət müddəti də yenilənəcək.

Qanun layihəsinə əsasən, iş vaxtından artıq işlərə görə əməkhaqqı və məzuniyyət haqqının da tənzimlənməsi nəzərdə tutulur. 

Yeni qanun işçilərin bacarıqlarının inkişafına da dəstək verəcək. İşəgötürənlər təlim kursları təşkil etməyə borclu olacaqlar. Beləliklə, işçilər yeni iş imkanları tapa biləcəklər.

Qeyd edək ki, bu gün istifadə olunan qaydalar 1936-cı ildə qəbul edilmiş və 2003-cü ildə yenilənmiş Əmək Məcəlləsinə əsaslanır. Əmək və Sosial Müdafiə naziri Vedat Işıkhan bu mövzuda hərtərəfli dəyişiklik etmək istədiklərini açıqlayıb.

Günel Məlikzadə