-
- 19-02-2024, 15:00
- 563
“Bu adamlarda əqidə yoxdur” – Fazil Mustafa
Bu ifadələrdə hər şey aydın olur ki, terroru birbaşa törədiblər. Təbii ki, bu motivi belə izah edəcəklər. Amma bu adamlarda əqidə deyilən bir anlayış yoxdur. Əqidəli adam öz vətənini başqa ölkəyə satmaz, başqa ölkənin maraqlarına xidmət etməz.
Bu sözləri News24.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, bunlar birbaşa İranın agenturasına daxil olan şəxslərdir və etdiyi addımlarda hər biri planlaşdırılıb:
“Burada da İranın müvafiq qurumları da vəsait ödəyib. Onlar da istintaq prosesində hər şeyi özləri etiraf ediblər. Belə bir vəziyyətdə isə bunu əqidə ilə pərdələmək istəyirlər. Hansı əqidədən danışırlar? İslam əqidəsi? İslam əqidəsində orucluq zamanı oruc tutan adamı güllələmək deyə bir şey var? Bu əqidə erməni-fars əqidəsidir. Bizim sözümüzdən qıcıqlanıblar, tamamilə haqlıdırlar. Çünki biz erməni-fars birliyinə qarşı ən sərt mövqeyimizi ortaya qoymuşuq. Bunun da bütün ermənilər və Azərbaycana qarşı pis niyyət bəsləyən İrançı elementlər təbii ki, xoş qarşılamayacaq. Ona görə də onlar da öz əqidələrinə erməni-fars əqidəsinə uyğun olaraq bizim çıxışlardan narahat olublar. Olsunlar. Bundan sonra da narahat olacaqlar. Çünki biz öz vətənimizin marağını bütün hallarda, hansısa bir təhdidə baxmadan həmişə uca tutacağıq və onu qoruyacağıq. Ona görə də onlar bu ifadələrlə özlərini daha çox ifşa edirlər. Çünki hansı əqidədən söhbət açdıqları hələ də bəlli deyil”.
Millət vəkili onu da qeyd edib ki, bu məsələlər bizi qətiyyən narahat etmir:
“Azərbaycanın müstəqilliyi uğrunda minlərlə insan canını fəda edib, onlardan biri də biz olaq. Bizi belə şeylər qorxutmur. Bu prosesdə hər hansı bir səslənən fikirlərin nə mənəvi, nə hüquqi, ciddi əsasları yoxdur. Kiminsə kimdənsə xoşu gəlmədi, sözünü bəyənmədi, gərək onda bütün islam alimlərinin xoşuna gəlməyən ateistlərin hamısını öldürəsən. Belə bir yanaşmamı olar? Bu sadəcə boş, özünə bəraət qazanma üsuludur. Amma bu keçərli deyil. Şəbəkə ifşa olunub və bunlar həm də istintaqa verdiyi ifadələrdə onların rəhbərinin hətta dövlət orqanlarına da hücum etmək niyyəti olduğunu və orada terror törətmək niyyətinin olduğunu da ifadə edib. Bu hamısı onu göstərir ki, bu şəxsi məsələ deyil. Bu sırf Azərbaycan dövlətinə qarşı formalaşmış bir şəbəkədir və bu şəbəkəni də dövlətimiz bundan sonra da ciddi nəzarətdə saxlayacaq”.
Qeyd edək ki, Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəməsi keçirlib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən prosesdə iclasda təqsirləndirilən Azər Səricanov dindirilib. O, Fazil Mustafanın sosial şəbəkələrdə işlətdiyi ifadələrdən xoşu gəlmədiyini və bundan qəzəbli olduğunu bildirib.
Mehriban Mirzəzadə