Məşhur aktrisadan tələb olunan “QURBAN”
    • 19-02-2024, 21:00
    • 346

Məşhur aktrisadan tələb olunan “QURBAN”

“Adama elə bir məbləğdə qonorar təklif edirlər ki, insanın çəkilmək həvəsi ölür”.

News24.az bildirir ki, bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktrisa Cəmilə Tağızadə deyib.

Aktrisa son vaxtlar yeni film layihələrində yer almamasının səbəblərini açıqlayıb:

“Yeni filmlər çəkilir. Aralarında keyfiyyətlisi də var, keyfiyyətsizi də. Amma çox istərdim ki, dünya səviyyəli filmlər çəkilsin, mən də o filmlərdə rol alım. Həmin filmlər Türkiyədə, Avropada və başqa ölkələrdə də nümayiş olunsun.

Bəzən görürsən ki, filmlər çəkilir, amma hər kəs öz dost-tanışını çəkir, qalıram qıraqda. Hər yerdə eyni insanlar çəkilir. Sonra deyirlər, çağırırıq, gəlmirsən. Adama elə bir məbləğdə qonorar təklif edirlər ki, insanın çəkilmək həvəsi ölür. Söz də düşəndə, cavab belə olur; sənət qurban tələb edir. Daha nə qədər qurban vermək olar?

Biz də evimizə bir tikə çörək aparmalıyıq, ya yox? Hamının ailəsi, uşağı var. Sənət deyib, çörəyi, yeməyi, geyimi pulsuz ala bilmirsən axı. Təssüf ki, bu problemlər davam edir”.

Həmsöhbətimiz dövlət sifarişi ilə çəkilən filmlərə dəvət olunmamasından da gileylənib:

“Kinostudiyada filmlər istehsal olunur. Amma yenə hərə öz adamını çəkir. Çəkilişlər bitəndən sonra xəbər tuturuq ki, kinostudiyada film çəkilişləri olub, bitib, hətta nümayiş də olunub, bizim xəbərimiz yoxdur.

Bir qism rejissor, bir qism aktyor öz komandası üçün işləyir. Axı bir aktrisa olaraq məni o kastinqlərə niyə dəvət etmirlər? Niyə mən və başqaları o filmdə rol almayaq? İzaholunmaz bir vəziyyətdir”.