-
- 19-02-2024, 20:56
- 12 145
Azərbaycanda martda dollar bahalaşacaq? - AÇIQLAMA
Azərbaycanda fevral ayında keçirilən hərraclarda dollara tələbat kəskin artıb. Mərkəzi Bank bildirib ki, bu, əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə bağlıdır.
"2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55 %-də təklif tələbi üstələyib. Valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyillərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir", - deyə açıqlamada qeyd olunub.
Dollara olan tələbatın artması və digər oxşar iqtisadi xəbərlər cəmiyyətdə ajiotaj yaradıb. Mətbuatda devalvasiya olacağı ilə bağlı iddialar yayılıb. Bəzi kəsimlər devalvasiyanın mart ayında olacağını düşünür.
Qeyd edək ki, Azərbaycanda 2015-ci ildə iki dəfə devalvasiya baş verib və Azərbaycan manatı digər valyutalar qarşısında kəskin uculaşıb.
Bəs, həqiqətən də, devalvasiya gözlənilirmi? Əgər devalvasiya olacaqsa, bunun təsirləri nə qədər sərt olacaq Ümumiyyətlə, mart ayı ilə bağlı iqtisadi proqnozlar nədən ibarətdir?
Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov devalvasiya ilə bağlı birmənalı fikir bildirməyin mümkün olmadığını bildirib.
"Ümumiyyətlə, son dönəmlər dollara olan tələbin artması devalvasiya ilə bağlı gözləntiləri yaradan əsas səbəblərdəndir. Lakin manata olan təzyiqin o qədər də yüksək olmadığını, Mərkəzi Bankın ehtiyyatlarının kifayət qədər çox olmasını nəzərə alsaq, deyə bilərik ki, ortada ciddi təhlükə yoxdur. Amma bütün hallarda belə bir qərarın verilməsi Mərkəzi Banka aiddir. Buna baxmayaraq, ehtimallar devalvasiya ilə bağlı o qədər də böyük gözləntinin olmadığını göstərir. Lakin yenə deyirəm ki, qərarın verilməsi birbaşa Mərkəzi Banka aid olduğu üçün birmənalı olaraq fikir söyləmək mümkün deyil".
Ekspert mart ayı üçün iqtisadi proqnozlardan da danışıb:
"Mart ayında iqtisadi durum hər hansı formada cari aydan fərqlənməyəcək. Ümumi dinamika davam edir. Devalvasiya olmayacağı təqdirdə yaxın bir neçə ayda istər iqtisadi artımda, istərsə də digər iqtisadi göstəricilərdə ciddi dəyişikliklər gözlənimir. Devalvasiyanın olacağı şəraitdə təbii ki, mütləq bir sıra istiqamətlərdə fərqli dinamika müşahidə edilə bilər".
Digər bir iqtisadi ekspert Natiq Cəfərli isə vurğulayıb ki, Azərbaycanda indiki şəraitdə devalvasiyanın olması mümkün deyil:
"Birincisi ona görə ki Azərbaycanda manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Dünya bazarlarında birjalarda gedən proseslərlə manatın heç bir əlaqəsi yoxdur. Hökumətin və Mərkəzi Bankın inzibati tənzimləmə mexanizmi mövcuddur. Ona görə də milli məzənnə hansısa xarici şoklardan, faktorlardan asılı deyil. Manatın asılı olduğu yeganə amil neftin qiymətidir. Neftin qiyməti də kifayət qədər komfortlu zonadadır, hazırda onun qiyməti 80 dollar civarındadır. Hələ ki bununla bağlı probblem yoxdur".
N.Cəfərli manatın məzənnəsinin həmişəlik sabit qalmayacağını söyləyib:
"Bu il ard-arda seçkilər olacaq. Yəni prezident seçkilərindən sonra parlament və bələdiyyə seçkiləri də olmalıdır. Bəlkə, referandum da oldu. Bu baxımdan manatla əlaqədar nəsə ciddi addım atılacağını düşünmürəm. Amma bu o demək deyil ki, manatın səviyyəsi daim indiki kimi qalacaq. Birinci mərhələdə biz bunu gördük. 2010-2015-ci illərdə manatın məzənnəsi sabit qaldı. Sonra üçpilləli devalvasiya məcburiyyəti yarandı.2025-ci ilin sonu 2026-cı ilin əvvəlində də belə bir addımın atılması ehtimalı yüksəkdir. 2024-cü il ərzində isə belə addımın atılacağına inanmıram".