Dünyadan Qəzza qətliamına reaksiya
    • 1-03-2024, 12:23
    • 216

Dünyadan Qəzza qətliamına reaksiya

İsrailin yardım üçün növbə gözləyən mülki fələstinliləri gülləbaran etməsi də dünya ictimai rəyində böyük rezonans doğurub.

News24.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Ağ Evi tərk etdikdən sonra sualları cavablandırıb. "Bilirəm ki, bu, atəşkəs danışıqlarını çətinləşdirəcək. Yəqin ki, bazar ertəsi Qəzzada atəşkəs elan edilməyəcək", - Bayden deyib.

İspaniyanın xarici işlər naziri Jose Manuel Albares sosial şəbəkədəki paylaşımında, "Qəzzada onlarla fələstinli mülki vətəndaşın yemək gözləyərkən həlak olması ilə baş verənlərin qəbuledilməz olması atəşkəsin vacibliyini vurğulayır" dedi.

Ağ Evdən verilən açıqlamada hücum "ciddi bir hadisə" olaraq qiymətləndirilir. Bəyanatda deyilir: “Biz İsraildən hadisəni araşdırmasını istədik".

Fransa prezidenti Emmanuel Makron sosial media hesabından hücuma reaksiya verib. “Mən İsraili beynəlxalq hüquqa riayət etməyə çağırıram".

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres də hücumu pisləyib. O, dərhal atəşkəsə çağırıb. O bildirib ki, hadisə ilə bağlı müstəqil araşdırma aparılmalıdır.

İngiltərədə yerləşən Amnesty İnternational təşkilatı da bəyanat verib: “Təcili araşdırma aparılmalıdır”.

İtaliyanın xarici işlər naziri Antonio Tajani Qəzzada "dərhal atəşkəsə" çağırıb və "faciəli ölümlərdən" sonra İsraili Fələstin xalqını qorumağa çağırıb.

Qətliamı pisləyən başqa bir ölkə Venesuela olub. Hökumət “dövlətlərin mənəvi, hüquqi və humanitar öhdəliklərinə əsaslanaraq, beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara İsrailin açıq-aşkar özbaşınalığına və beynəlxalq qanun və konvensiyaların pozulmasına son qoymağa çağırışını” təkrarlayıb.

Çin də İsrailin mülki şəxslərə hücumunu pislədiyini açıqlayıb.

Günel Məlikzadə