“Rolls-Royce”u olan müğənni GİLEYLƏNDİ: “Fəhlədən çox zülm çəkirik”
    • 10-03-2024, 12:26
    • 213

“Rolls-Royce”u olan müğənni GİLEYLƏNDİ: “Fəhlədən çox zülm çəkirik”

Əməkdar artist Cavanşir Məmmədov sənət adamlarının milyoner olmadıını bildirib.

Müğənni Cavanşir Məmmədov bu sözləri televiziya verilişlərindən birinin efirində deyib. O, sənət adamlarının maddi durumunun pis vəziyyətdə olduğunu vurğulayıb:

“Biz sənət adamları milyoner deyilik. Bu sənətdə milyoner olan yoxdur. Bir çalıb-oxumaqla milyonçu olmaq mümkün deyil. İki ay məhərrəmlik, bir ay orucluq olur. May ayında da toy olmur, evdə qalırıq. Təxminən ilin yarısını işləmirik. Müğənni haradan pul qazanmalıdır?!”

C.Məmmədov fəhlələrin gördüyü işin müğənnilikdən asan olduğunu iddia edib:

“Bahalı maşını kreditlə hamı ala bilər. Amma müğənnisənsə, gedirsən banka kredit deyirsən, cavab verirlər ki, sizə verə bilmərik. Əslində biz fəhlədən çox zülm çəkirik. Daş karxanasında işləyən fəhlə vaxt tapıb çay içir. Dülgərin yanına gedirsən, deyirsən ki, bunu tez düzəldib mənə verməlisən. Söyləyir ki, gözlə. Soruşursan niyə? Deyir ki, görürsən ki, çay içirəm, çörək yeyirəm.

Amma biz müğənnilər çay içə bilmirik. Biz toy başlayandan bitənə qədər çalıb-oynamalıyıq. Əgər imkan olsa, kimsə gəlib sağlıq desə, onda isti çayı boğazımız yana-yana içə bilərik. Biz xidmət edirik. Fəhlənin işi bizimkindən yüngüldür. Fəhlənin üstü tozlu, çirkli olur, toz-torpaqda və ya yağdəyişdirmə məntəqəsində işləyir. Amma biz səliqəli geyinib gedirik, evə gələndə köynəyi sıxırsan, suyu tökülür. Biz ölənə qədər işləyirik. Biz fəhlədən çətin yaşayırıq. Nə barədə, işləmək məqamında. Fəhlə bir stəkan çayını əyləşib içə bilir, biz toyda oxuyanda onu da edə bilmirik. Bizim işimiz fəhlənin işindən də çətindir”.

Verilişin aparıcısı Amil Xəlil müğənnin sözlərinə etiraz edib və kimin necə dolandığının hər kəsə məlum olduğunu deyib.

Qeyd edək ki, müğənninin bu sözləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Onun sosial şəbəkələrdə bir milyon manatlıq “Rolls-Royce”u ilə şəkilləri paylaşılıb.

Hətta deyilənə görə, onun bir deyil, iki “Rolls-Royce”u olub.