"O qədər də həyasız deyiləm..." - Çingiz Abdullayev
    • 13-03-2024, 21:39
    • 731

"O qədər də həyasız deyiləm..." - Çingiz Abdullayev

Xalq yazıçısı Çingiz Abdullayev Füzuli şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə bir araya gəlməsindən danışıb.

News24.az bildirir ki, Xalq yazıçısı Teleqraf.com-a təəssüratlarını bölüşüb: "Biz Füzulidə, Şuşada və Xankəndidə olduq. Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak etdik. Cənab prezident İlham Əliyev çox sağ olsun, bir neçə ziyalını - məni, Anarı, Fərhad Bədəlbəylini və Oqtay Mirqasımovu da dəvət etmişdi.

Mən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin atası haqqında kitab yazmışam. Kitab Qazaxıstan və Azərbaycan dilindədir. Təbii, mən fəxr edirəm ki, Qazaxıstan prezidentinin atası haqqında kitab müəllifiyəm. Onun atası çox məşhur olub. Cənab prezidentlə də bu haqda dialoqumuz baş tutdu. Bir neçə nazirimiz də bizimlə idi".

Xalq yazıçısı "Kitabı Qazaxıstan prezidentinə təqdim etdinizmi?" sualına cavabda deyib: "Kitab iki il öncə nəşr edilib. Kitab Şuşa hotelində də var və kim oraya getsə oxuya bilər. Amma təbii ki, kitabı o görüşdə Qazaxıstan prezidentinə təqdim etməzdim, o qədər də həyasız deyiləm. İkincisi, kitab çoxdan təqdim edilib və Tokayev minnətdarlığını da bildirib".

Qeyd edək ki, martın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.