Azərbaycanda bu həkimə tibb sahəsində çalışmaq qadağan edildi
    • 15-03-2024, 20:04
    • 543

Azərbaycanda bu həkimə tibb sahəsində çalışmaq qadağan edildi

2022-ci il iyulun 23-də gecə saatlarında Göyçay sakini, 29 yaşlı Vüsalə Quliyeva Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim səhlənkarlığı nəticəsində həyatını itirməsi ilə bağlı məhkəmə prosesi nəhayət başa çatıb.

News24.az Publika.az-a istinadla bildirir ki, gənc qadının ölümünə görə, xəstəxananın təcili tibbi yardım şöbəsinin həkimi Əli Əsgərov cinayət məsuliyyətinə cəlb edilib.

O, Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq - ölümə səbəb olduqda) maddəsi ilə tqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Bildirilib ki, Göyçay rayon sakini olan ana və 1 yaşlı övladı 40 dərəcə qızdırma ilə xəstəxanaya çatdırılıb. Həkimlər körpəni əvvəlcə Mingəçevirdəki xəstəxanaya, daha sonra Bakıda yerləşən “OMD” klinikasına göndəriblər.

Həkim Əli Əsgərov körpənin anası V.Quliyevada ciddi bir şey olmadığını deyərək onu evə göndərib. 40 dərəcə hərarəti olan qadın evə gətirildikdən sonra vəziyyəti daha da ağırlaşıb və koma halında gecə saatlarında yenidən xəstəxanaya qaytarılıb. Lakin az sonra o vəfat edib.

Məhkəmədə 29 yaşlı Vüsalənin ailəsi həkimin həbs edilməsini, vurulmuş ziyana görə isə 32 min manat təzminət ödənilməsini tələb ediblər.

Göyçay Rayon Məhkəməsinin bu həftə çıxardığı hökmlə Əli Əsgərov 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona əlavə olaraq 1 il 6 ay tibb sahəsində çalışmaq qadağan edilib.

Bədəninə elektron qolbaq taxılan həkimin Göyçay şəhərindəki evini gecə saatlarında tərk etməsi, yaşayış yerini dəyişməsi qadağan edilib. Bundan başqa, təqsirləndirilən şəxsdən maddi zərərin əvəzi olaraq 2500 manat, mənəvi zərərin əvəzi olaraq 5000 manat, cəmi 7500 manat məbləğində pul alınaraq mülki iddiaçıya verilməsinə qərar verilib.