"Artıq işğaldan azad olan torpaqlarımızda bayram tonqalları yandırılır"
    • 19-03-2024, 14:00
    • 176

"Artıq işğaldan azad olan torpaqlarımızda bayram tonqalları yandırılır"


Mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı,artıq, UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində demişdir: “Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır.  2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik. Bu gün Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edilmişdir.”

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında qeyd edib.

K.Bayramov qeyd edib ki,  44 günlük Vətən müharibəsində hər bir vətəndaşımız bir yumruq kimi birləşərək erməni faşizminə qalib gəldi, Qarabağı işğaldan azad etdi. Artıq işğaldan azad olan torpaqlarımızda bayram tonqalları yandırılır,  nəhəng layihələr həyata keçirilir. Dövlət başçımızın qeyd etdiyi kimi, bütün azad edilmiş torpaqlarda bərpa işləri aparılır. Ermənistan bu əraziləri viran qoyub, talan edib. Otuz il ərzində daşları bir-bir söküb həm Ermənistanda, həm də ki, Ermənistanın qonşu ölkəsində bazarlarda satdırıb. İndi hər kəs görə bilər nə gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb.

Deputat diqqətə çatdırıb ki,  30 illik işğal dövrünün reallıqlarından fərqli olaraq  hazırkı mərhələdə Azərbaycan qalib ölkə kimi diktə edən tərəf olaraq bu çağırışı  edir ki, sülh təklifi uzun müddət masa üzərində qala bilməz. Azərbaycan ədaləti bərpa etdi, Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu, münasibətlərdə yeni səhifənin açılmasında maraqlı olduğunu bəyan etdi. Amma, Ermənistan konstruktiv mövqe ortaya qoymur, dünya isə, yenə də  seyrçi mövqedə dayanır. Konkret addımlar atmağın, Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etməyin zamanıdır.  Dövlət başçımızın  qeyd etdiyi kimi, biz,hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücünə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik.

K.Bayramov sonda əlavə edib ki,  sosial ədalət, tolerantlıq, bərabərlik kimi xüsusiyyətləri özündə əks etdirən bu bayram milli dəyərlərlə yanaşı, həm də bəşəri dəyərləri də yaşadır. Novruz bayramını Azərbaycan xalqının müqəddəs milli irsi hesab edən Prezident İlham Əliyev demişdir: «Novruz bayramı Azərbaycan xalqının ən əziz və sevimli bayramlarından biridir. Əsrlər boyu xalqımız bu bayramı qeyd etmişdir. Ancaq müstəqillik dövründə bu bayram rəsmi şəkildə qeyd olunur. Azərbaycan xalqı Novruz bayramına ən hərarətli münasibət bəsləyir, o, bizim üçün ən başlıca, ən gözəl bayramdır... Ailə dəyərləri, bizim milli-mənəvi dəyərlərimiz, ənənələrimiz, bizim milli mədəniyyətimiz, tariximiz – bütün bunlar Azərbaycan xalqını qorumuşdur.»  

Novruz bayramının fəlsəfi, sosial mahiyyətinin əsasında bir harmoniya vardır. Sosial ədalət, tolerantlıq, bərabərlik kimi xüsusiyyətləri özündə əks etdirən bu bayram milli dəyərlərlə yanaşı, həm də bəşəri dəyərləri də yaşadır. Evdə hazırlanan yemək və şirniyyatlardan qonşulara pay verilir, xüsusi ehtiyacı olanlara yardım edilir, sovqat göndərilir. Hamı çalışır ki, hər kəsin evində bayram süfrəsi açılsın. Biz başqa xalqlardan, millətlərdən olan qonşularımızı, dostlarımızı unutmuruq, onlara bayram payı göndəririk. Belə yüksək əxlaqi-mənəvi keyfiyyətləri aşılayan ailələrimiz milli və bəşəri dəyərlərə hörmətlə yanaşan vətənpərvər nəsil yetişdirir.