"Rusiya aktivlərindən əldə edilən gəlirlər Ukraynaya veriləcək"
    • 22-03-2024, 09:19
    • 294

"Rusiya aktivlərindən əldə edilən gəlirlər Ukraynaya veriləcək"

Aİ-nin Brüsseldə keçirilən sammitinin ilk gün sessiyaları başa çatıb.

News24.az xəbər verir ki, Aİ Komissiyasının sədri Ursula fon der Leyen sessiyaların sonunda keçirilən mətbuat konfransında Ukrayna ilə bağlı bölmənin nəticələrini bölüşüb.

Liderlərin Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrellin Rusiyanın Aİ-dəki dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya transferi ilə bağlı təklifini məqsədəuyğun hesab etdiklərini ifadə edən von der Leyen, “Bu, hərbi texnikanın maliyyələşdirilməsini təmin edəcək. Biz 2024-cü il üçün təxminən 3 milyard avro və yaxın illərdə buna bənzər məbləğlərin toplanacağını gözləyə bilərik" dedi.

Von der Leyen, təklifin nə vaxt həyata keçirilə biləcəyi ilə bağlı suala belə cavab verdi:

"Liderlərə dedim ki, təklifi dərhal yekunlaşdırsaq, ilk 1 milyard avronu iyulun 1-də köçürə bilərik. Deməli, bu, özümüzdən asılıdır. Əgər sürətli olsaq, yayda konkret fəaliyyət olacaq”.

Rusiya və Belarusun taxıl, yağlı bitkilər, törəmə məhsullarına gömrük rüsumlarının artırılması ilə bağlı təklif hazırladığını açıqlayan fon der Leyen detalları sabah açıqlayacağını qeyd edib.

"Bu, Rusiya taxılının həmin məhsullar üçün Aİ bazarında sabitliyi pozmasının qarşısını alacaq. Rusiyanın bu məhsulların Aİ-yə ixracından əldə etdiyi gəlirlərdən istifadə etməsinə mane olacaq. Ukraynanın Rusiya tərəfindən oğurlanmış taxılının qeyri-qanuni ixracının Aİ bazarına daxil olmamasını təmin edəcək", - von der Leyen bildirib. 

Günel Məlikzadə