"Anklavlar vaxtilə belə müzakirə olunub
    • 24-03-2024, 21:44
    • 350

"Anklavlar vaxtilə belə müzakirə olunub

Azərbaycanla Ermənistan arasında müxtəlif müstəvilərdə danışıqlar davam edir. Nikol Paşinyan da son açıqlamlarında 4 kəndin (Qazax rayonunun kəndləri - Baqanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılağaclı) Azərbaycana qaytarılmasından danışıb. Çünki beynəlxalq hüquqla da həmin kəndlər Azərbaycan əraziləridir. Ermənistanın bu kəndləri nəzarətdə saxlaması üçün heç bir məntiq yoxdur.

News24.az xəbər verir ki, bunu Teleqraf.com-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O qeyd edib ki, Ermənistan tərəfi öz ərazi bütövlüyündən danışırsa, Azərbaycan kəndlərini nəzarətdə saxlaması mümkün deyil:

“Burada iki dövlətin ərazi bütövlüyünün tanınmasından söhbət gedir. Qazaxın Ermənistanın işğalında olan 7 kəndindən 4-nün taleyi artıq bəllidir. Çünki 4 kənd anklav deyil və onlar Azərbaycan ərazilərinə bitişikdir. Naxçıvanın Kərki kəndi daxil olmaqla digər 4 kənd isə anklavdır. Bu kəndlərin taleyi müzakirələrin yekununda həll olunacaq”.

Sabiq nazir bildirib ki, Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğalda saxlanıldığı dövrdə aparılan danışıqlarda da anklavlar məsələsi yer almışdı:

“Bu mövzu həmişə gündəmdə olub. Sadəcə olaraq Azərbaycan tərəfindən bu məsələ qaldırıldıqda ATƏT-in Minsk qrupunun keçmiş həmsədrləri bununla bağlı qeydlərini götürdüklərini deyirdi. Erməni tərtəfi isə bu mövzunu şərh etmirdi. Həmsədrlər torpaqların azad olunmasından sonra bu mövzunun da həllinin gündəmə gətiriləcəyini bildirirdi”.

Elman Məmmədyarov vurğulayıb ki, Azərbaycan ərazilərini azad etdikdən sonra anklavlar mövzusu aktiv şəkildə müzakirə olunur: “Sözsüz ki, 8 kənddən 4-ü anklavdır. Bu məsələnin həlli o qədər də asan deyil. Anklav kəndlərə qayıdacaq azərbaycanlılar orada daha çox kənd təsərrüfatı ilə məşğul olacaq. Onların təhlükəsizliyi məsələsi vacibdir. Ola bilsin ki, anklavlarla bağlı qarşılıqlı güzəşt prinsipi ilə bu məsələ həll olunsun. Təbii ki, xəritə üzərində kəndlərin dəyişdirilməsindən söhbət getmir. Burada hər bir xırda detal diqqətlə araşdırılır. Delimitasiya və demarkasiya komissiyası bu proseslə məşğuldur”.