Rusiyada görünməmiş fəallıq: Məqsədlərindən birinə çatdılar
    • 4-04-2024, 10:42
    • 152

Rusiyada görünməmiş fəallıq: Məqsədlərindən birinə çatdılar

Rusiya hakimiyyəti “Crocus City Hall”da baş verən terror aktı ilə bağlı məqsədlərindən birinə nail olub. 140-dan çox insanın həlak olduğu Moskva ətrafda baş verən faciədən (22 mart) sonra Rusiya hərbi komissarlıqlarında görünməmiş fəallıq müşahidə olunur.

News24.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Rusiya Müdafiə Nazirliyi aprelin 3-də açıqlayıb ki, ölkə ərazisində müqavilə ilə hərbi xidmət üçün müraciət edənlərin sayında ciddi artım qeydə alınıb. Son 10 gündə 16 minə yaxın rusiyalının hərbi xidmət üçün müqavilə imzalamaq arzusunu ifadə etdiyi bildirilir.

“Ərizə verənlərin əksəriyyəti hərbi müqaviləni imzalamaqda əsas motivin “Crocus”a hücumun qurbanlarının qisaslarını almaq olduğunu deyiblər”, - ISW qeyd edir.

ABŞ İnstitutu hesab edir ki, Rusiya Müdafiə Nazirliyinin açıqlaması doğrudursa, Kremlin “Crocus”dakı hadisələrə əsaslanan informasiya əməliyyatı uğurlu sayıla bilər.

“İŞİD-in hücumunun Rusiya cəmiyyətində səpdiyi qorxu və yaratdığı qeyri-sabitlik bəzi ölkə vətəndaşlarını hərbi xidmətə yazılmağa sövq edə bilər”, - analitiklər söyləyirlər.

Moskva ətrafında baş verən terror aktı Rusiyada güclü informasiya kampaniyası ilə müşayiət olunub. Moskva rusların “Crocus”un qisasını almaq istəklərinə istinad edərək, getdikcə daha çox hərbi müqavilələrin imzalanmasına çalışır.

ISW-nin fikrincə, belə bir mənzərənin yaradılmasında əsas məqsəd insanları kütləvi şəkildə hərbi xidmətə getməyə inandırmaqdır. Yəni Kreml terror aktında öz məqsədləri üçün istifadə etməyə çalışır.// teleqraf