-
- 16-04-2024, 11:24
- 423
Alimlər xəbərdarlıq etdi: Onlar dünyanı dağıdacaqlar
Yapon rəsmiləri süni intellektin sosial nizamı məhv edə biləcəyini və onun yaradacağı problemlərin faydalarından daha çox olduğunu deyiblər.
News24.az Publika.az-a istinadla xəbər verir ki, “Nippon Telegraph and Telephone” (NTT) şirkətinin Yaponiyanın qabaqcıl qəzetlərindən biri olan “Yomiuri Shimbun” ilə birgə yayımladığı bəyanatda süni intellektin istifadəsi ilə bağlı yeni qaydaların müəyyən edilməsinin lazım olduğu açıqlanıb.
“Wall Street Journal”nın (WSJ) məlumatına görə, bəyanatda deyilir: “Ən pis ssenaridə süni intellekt demokratiyanın və sosial nizamın çökməsinə səbəb ola bilər ki, bu da müharibələrə gətirib çıxaracaq. Yaponiya hökuməti 31 oktyabr 2025-ci ildə keçirilməsi planlaşdırılan ümumi seçkilərdə təhlükəsizliyi təmin etmək üçün süni intellektdən istifadə edəcək. NTT və “Yomiuri Shimbun” şirkətlərinin direktorları son bir il ərzində Tokiodakı Keio Universitetinin alimləri ilə süni intellekt texnologiyasını müzakirə edirlər”.
Dekabr ayında qəzetdə dərc olunan redaksiya məqaləsində ABŞ-dan ölkəyə gətirilən süni intellekt proqramlarının dərin saxta videoların və dezinformasiyaların istehsalına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.
Süni intellekt sahəsində aktiv araşdırmalar aparan NTT Amerika texnologiya şirkəti OpenAI tərəfindən istehsal edilən “ChatGPT”yə bənzər bir süni intellekt proqramı hazırlayıb. Şirkətin biznes sektorundakı tərəfdaşları ilə paylaşdığı "tsuzumi" adlı proqram daha az emal gücü tələb edir və Yapon əmrləri ilə daha effektiv işləyə bilir.
Avropa Parlamenti martın 13-də dünyada ilk süni intellekt qanununu qəbul edib. Avropa Süni İntellekt Qanunu parlamentdə 523 deputatın səsi ilə qəbul edilib. Tətbiq çərçivəsində xüsusilə təhlükəsizlik qüvvələrinin biometrik identifikasiya sistemlərindən istifadə etməsinə məhdudiyyətlər qoyulub.