Daha bir sabiq deputat vəfat etdi - FOTO
    • 17-04-2024, 14:13
    • 266

Daha bir sabiq deputat vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti, tarix elmləri namizədi İsgəndər Quliyev vəfat edib.

News24.az Valyuta.az-a istinadla xəbər verir ki, o, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, İsgəndər Quliyev 1938-ci il iyulun 1-də Astara rayonunda anadan olub. Orta təhsilini Ərçivan kənd Puşkin adına orta məktəbdə alıb. 1960-cı ildə BDU-nun Tarix fakültəsinə qəbul olunub.

1965-ci ildən BDU-nun Tarix fakültəsində elmi-pedaqoji fəaliyyətə başlayıb. 1967-ci ildə namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1965-1968-ci illərdə Astara rayonu Səncərli kənd tam orta məktəbində əvvəlcə direktor müavini, sonra direktor vəzifəsində işləyib. 1970-ci ildən BDU-da müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

İsgəndər Quliyev II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Görkəmli alim, tanınmış ictimai-siyasi xadim İsgəndər Quliyevin tədqiqat sahəsi Asiya dövlətlərinin diplomatiyası və xarici siyasəti olub.

“91-lər”in tanınmış nümayəndələrindən olan İsgəndər Quliyev 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.