Müdir və daha 11 vəzifəli şəxsə cinayət işi açıldı – 45 nəfərdən rüşvət alıblar
    • 2-05-2019, 10:15
    • 961

Müdir və daha 11 vəzifəli şəxsə cinayət işi açıldı – 45 nəfərdən rüşvət alıblar

Azərbaycanda banklardan birinin 12 əməkdaşı barəsində rüşvət aldıqlarına görə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Nikoil Bankın vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma) maddəsi ilə başlanmış işin istintaqı yekunlaşdırılıb. İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Səbuhi Hüseynovun icraatına verilib.

Məlumata görə, bank əməkdaşlarının külli miqdarda kredit ayırmağa görə rüşvət aldığı şəxslərin sayı ümumilikdə 45 nəfərdir və onlar zərərçəkmiş şəxs qismində tanınıb. Təqsirləndirilən şəxs qismində isə 12 nəfər istintaqa cəlb edilib.

Qeyd edək ki, bu ilin fevral ayında Baş Prokurorluq Nikoil Bankdakı korrupsiya cinayəti ilə bağlı məlumat yayıb. Baş Prokurorluqdan verilən məlumatda qeyd edilib: “Nikoyl” İKB Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində filialın müdiri Ruslan Talıbovun filialın digər vəzifəli şəxsləri Vüsal Qasımov, Nazim İsmayılov və Elşən Xıdırov ilə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək heç bir biznes fəaliyyətlərinin olmadığını, veriləcək krediti biznes fəaliyyətinə sərf etməyəcəklərini və bununla əlaqədar kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsində problemlərin yaranacağını bildikləri halda, banka müraciət etmiş ayrı-ayrı şəxslərə 868 min manat məbləğində qanunsuz pul kreditinin verilməsinə görə onlardan 122 min manat pulu və digər əmlakı rüşvət kimi təkrarən istəyərək almalarına, həmçinin vəzifə saxtakarlığı edərək bankın işçilərinə məzmununda yalan məlumatlar olan biznes kreditinin rəsmiləşdirilməsinə nail olaraq bankın onlara etibar edilmiş 192 min manat məbləğində vəsaitini mənimsəmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb.

Bundan başqa, istintaqın gedişində qeyd olunan vəzifəli şəxslərin dələduzluq edərək vətəndaşların kredit ilə aldıqları 451 min məbləğində olan əmlaklarını və nağd pul vəsaitlərini kreditin ödənişinə yönləndirəcəkləri adı ilə aldadaraq ələ keçirdiklərinə dair şübhələr müəyyən olunub.
 
Qeyd edilən vəzifəli şəxslər Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunmaqla R.Talıbov, V.Qasımov və E.Xıdırov barəsində məhkəmənin qərarı ilə həbs, N.İsmayılov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.