Saxta etibarnamə ilə vətəndaşların əmlaklarını satanlar kimlərdir? - Hüquq mühafizə orqanları hərəkətə keçir
    • 25-04-2024, 11:28
    • 198

Saxta etibarnamə ilə vətəndaşların əmlaklarını satanlar kimlərdir? - Hüquq mühafizə orqanları hərəkətə keçir

"Bakıda mənzilləri fırıldaqlıqla ələ keçirən dələduz şəbəkə barədə mətbuatda yayılan xəbərlərdən mən də məlumatlıyam. Belə bir mütəşəkkil cinayətkar dəstənin olması barədə mənə də müraciət olunub. Yəqin ki, yaxın günlərdə baş prokuror Kamran Əliyevə və daxili işlər naziri Vilayət Eyvazova rəsmi müraciət edəcəyəm. Ola bilər, hüquq müdafiə təşkilatlarının adından belə bir müraciət olsun. Bu mütəşəkkil dəstə artıq Azərbaycan Respublikasının kənarında fəaliyyət göstərirsə, deməli, daha böyük, transmilli cinayətkar şəbəkədən söhbət gedir. Müraciət edənlər deyirlərsə, 20-yə yaxın artıq zərərçəkən var, bu, o deməkdir ki, qurbanların sayı daha çoxdur".

 

News24.az bildirir ki, bu sözləri pravda.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Çingiz Qənizadə: Beynəlxalq təşkilatlar Ermənistanın əsir götürdüyü  Azərbaycan hərbçisinə qarşı işgəncələrə qəti mövqeyini bildirməlidirlər -  AZƏRTAC

Onun sözlərinə görə, söhbət mütəşəkkil şəbəkədən gedirsə, bunun istintaqının hansısa rayon səviyyəsində aparılması mümkün olsa da, effektivliyi və operativliyi çətin olacaq: "Çünki Rusiyaya sorğular göndərilməlidir və s. Bu cinayətin istintaqını Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, yaxud Baş Prokurorluq işi icraatına götürüb istintaqı aparmalıdır. Bu cinayətkar dəstənin üzvləri vətəndaşlarla kirayə müqaviləsi bağladıqdan, onların evlərinin və qeyri-yaşayış sahələrinin pasport məlumatlarını əldə etdikdən sonra Azərbaycandakı bəzi elektron sistemlərə giriş əldə edirlər. Bunun əsasında Rusiyanın Tümen şəhərində etibarnamə əldə edirlər. Bu da ciddi məsələdən siqnal verir ki, bunlara dəstək verən şəxslərdən kimlərinsə elektron portallara girişi olan şəxslərdir. Hətta şikayətçilərdən birinin dediyinə görə, cinayəti idarə edənlərin daha böyük başçısı hazırda cəzaçəkmə müəssisəsindədir. Hazırkı dəstədə adıçəkilən şəxslərin də, demək olar, bir çoxu əvvəllər məhkum olunmuş şəxslərdir. İnsanlar mənzillərini və qeyri-yaşayış sahələrini kirayə verib, aybaay kirayə haqqını aldıqda, təbii ki, arxayın düşürlər. Bu müddətdə onlar saxta etibarnamə ilə vətəndaşların əmlaklarını  satmaqla "vicdanlı alıcı" imici yaradırlar ki, gələcəkdə bu məsələ müzakirəsi mülki qayda həyata keçirilsin. Ən son evi alanla evin sahibi arasında çəkişmələr uzun illər davam edir, proses də buna görə ləng gedir. Hüquq-mühafizə orqanlarının peşəkarlıqlarına, vətəndaşların pozulan hüquqlarının operativ şəkildə qarşısını almasına tam inanıram. Hesab edirəm, bu məsələ artıq nəzarətdədir. İnanıram hüquq-mühafizə təşkilatlarının müraciəti yüksək səviyyədə həyata keçiriləcək. Hazırda işin istintaqı Binəqədi rayon səviyyəsində gedir. İnanırıq ki, iş oradan götürülərək daha yüksək səviyyəli əməliyyat orqanlarında həyata keçiriləcək. Bundan sonra zərərçəkmiş şəxslərin sayının minimuma endirilməsinə nail olarıq", - o bildirib.