Kişiləri aqressiv edən nədir? - Psixoloq sirləri açdı
    • Dünən, 22:47
    • 119

Kişiləri aqressiv edən nədir? - Psixoloq sirləri açdı

“Həyatımızda arzularımızı gerçəkləşdirə biləcəyimiz müxtəlif vasitələr var. Həmin vasitələrin çox olması üçün də ömür boyu çalışırıq”.

News24.az xəbər verir ki, bu sözləri məşhur psixoloq Əfsanə Rüstəmova “Cebheinfo.az”a açıqlamasında deyib.

O bildirib ki, insanlar istəklərinin həyata keçməsini sürətləndirən əlaltı vəsaitlərinin olmasını istəyirlər:

“Bura pulu da daxil edə bilərik. Çünki pul da istəklərimizi həyata keçirən vasitədir. Amma pul təkbaşına istək ola bilməz. Yəni pul hansısa hədəfləri həyata keçirmək üçün lazımdır. Deməli, əslində sadəcə pulu deyil, pul vasitəsilə hədəfə çatmağı istəyirik. Hansısa hədəfə çatacaq pulu tapmamaq isə bizi narahat edir və aqressivləşdirir”.

Psixoloq qeyd edib ki, xüsusən də pulun azlığı kişinin aqressiv olmasına gətirib çıxarır:

“Pul həyati resursları təmin etməmiyimiz üçün bir vasitədir. Pulun azlığı isə istəklərimizə çatma müddətini artırır. Bizim kimi toplumlarda məsuliyyət daima kişinin üzərinə düşür. Məsələn, bir evdə yemək yoxdursa, kişi daha çox narahat olacaq. Əlbəttə ki, qadın da çox narahat olacaq, amma bunu kişidən tələb edəcək. Çünki bizim kimi toplumlarda tələb kişidən olur. Tələb olunan mövzunun təminatı şəxsin pulu ilə əlaqəlidirsə, onda bu mövzu onu gərginləşdirər. Bu isə çox təbiidir”.

Həmsöhbətimiz qeyd edib ki, kişiləri daha çox yoran pul qazanmaq üçün çəkilən əziyyətdir:

“Üstəlik, kişi həm qadının maliyyə, həm də emosional tələbatını ödəməlidir. Həmçinin, qadınlar kişilərdən təhlükəsizliklə bağlı da təminat istəyirlər. Bunların hamısı iqtisadi güc tələb edir deyə, kişilər stressdən əziyyət çəkirlər. Ona görə də pulu olmayan kişinin aqressiv olduğunu düşünürlər. Amma kişi pulu olmadığı üçün deyil, tələbatlarını ödəyə bilmədiyi üçün narahat olur”.