ABŞ Rusiyaya sanksiyalar tətbiq etdi
    • 17-05-2024, 22:10
    • 282

ABŞ Rusiyaya sanksiyalar tətbiq etdi

ABŞ hökuməti Şimali Koreya ilə Rusiya arasında silah transferinin qarşısını almaq üçün yeni addım atıb.

News24.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Bürosu, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) Pxenyanla silah ticarətini qadağan edən qətnamələrini pozduqları səbəbiylə 2 Rusiya vətəndaşı və 3 Rusiya mənşəli şirkətə sanksiya tətbiq edilməsinə qərar verdiyini açıqlayıb.

Rusiya vətəndaşlarının Aleksey Budnev və Rafael Anatolyeviç Qazaryan olduğu bildirilib.

Qeyd edilib ki, sanksiya qərarı ABŞ-ın Pxenyan və Moskvaya “qanunsuz” fəaliyyətlərinə görə cavab vermək əzminin göstəricisidir.

ABŞ Maliyyə Nazirliyinin Terrorizm və Maliyyə Kəşfiyyatı üzrə müşaviri Brayan Nelson verdiyi açıqlamada, "Son addımımız Şimali Koreyanın Rusiya ilə dərinləşən hərbi əməkdaşlığını pozmaq əzmimizi əks etdirir" deyib.

“RUSİYA Ukraynada Şimali Koreya silahlarından istifadə edir”

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, sanksiya qərarının Pxenyan və Moskva arasında dərinləşən müdafiə əməkdaşlığına qarşı alındığını ifadə edərək, "Rusiya indiyədək Ukraynaya qarşı Şimali Koreya istehsalı olan 40-dan çox ballistik raket və hərbi sursatdan istifadə edib" deyib.

Sözügedən hərbi sursatların Rusiyaya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq göndərildiyinə diqqət çəkən Miller, Pxenyan və Moskva arasında dərinləşən əlaqələrin qlobal təhlükəsizliyə və nüvə silahlarının yayılmasının qarşısının alınması səylərinə böyük təhlükə yaratdığını vurğulayıb.

“Biz Rusiya və Şimali Koreyanın sabitliyi pozan tərəfdaşlığına qarşı çıxmaq üçün bütün lazımi addımları atmağa davam edəcəyik”, - deyən Miller beynəlxalq ictimaiyyəti ABŞ-la birgə hərəkət etməyə çağırıb.

ŞİMALI KOREYA İNKAR EDİR

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çenq yazılı açıqlama verərək, onların Rusiyaya silah verməsi ilə bağlı iddiaları təkzib edib.

“Şimali Koreya ilə Rusiya arasında silah ticarəti ilə bağlı söz-söhbət o qədər absurddur ki, onu qiymətləndirməyə və şərh etməyə dəyməz” deyən Kim, onların inkişaf etdirdiyi silah texnologiyalarının gizli olduğu üçün ixracının mümkün olmadığını müdafiə edib.

Şimali Koreyanın öz silahlarını yalnız ölkənin müdafiə qabiliyyətini artırmaq üçün istehsal etdiyini vurğulayan Kim, "Bizim prioritetimiz şeyləri reklam etmək və ya ixrac etmək deyil, ordumuzu keyfiyyət, kəmiyyət baxımından döyüşə hazır, mükəmməl etməkdir" deyib.

Günel Məlikzadə