-
- 20-05-2024, 21:46
- 327
“Qızın ata-anası yoxdursa, o, ərə gedə bilməz” - Qalmaqallı açıqlama
“Müasir dövrdə müsəlman toylarının da bir çox növləri var. Bu da məzhəblərə görə dəyişir. Bəzi məzhəblərdə dini toylarda mərsiyələr deyilir, imamlara aid meyxanalar səsləndirilir və çalğı alətlərindən də istifadə olunur. Bəzilərində isə kişilər olan məclislər olur, orada qadınlar iştirak etsə də arada pərdə çəkilir. Dini moizələr nəsihətlər verilir və insanlara dini dərslər keçirilir. Toy iştirakçıları dərsləri dinləyirlər və halal nemətlərdən yeyib-içib bəylə gəlini tərifləyirlər. Bizim adətimizdə isə hamımızın bildiyimiz kimi normal toy şənliyi keçirilir. Bu məsələyə hər kəsin öz inancına, etiqadına görə baxışı var. Dini toy edənlər öz baxışlarına görə belə edirlər. Yəni, hər kəsə hörmətlə yanaşmaq lazımdır. Bizim bildiyimiz normal qaydada toy etmək isə günah sayılmır. İnsanların bir yerə cəm olması, toy ziyafətində yeyib-içib əylənməsi günah və qadağan deyil”.
News24.az bildirir ki, bu fikirləri “Yeni Sabah”a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov bildirib. O, Azərbaycanda keçirilən dini toylarla bağlı bir sıra məqamlara diqqət çəkib:
“İslam dininə görə evlilikdə şənlik üçün toy etməklə bağlı qadağa yoxdur. Bu məsələ alimlər arasında mübahisəli məsələdir. Daha doğrusu, İslam dininə görə nikahda əsas şərtlər var. Bu şərtlər evlənən hər iki cütlüyün vəlisinin olmasıdır. Vəli dedikdə nəzərdə tutulan həm oğlanın ata anası, həm də qızın ata-anasıdır. Əgər oğlanın ata-anası yoxdursa və ya qızın ata-anası yoxdursa, onda onların yaxınlarından biri Vəli ola bilər. Əsas şərt qızın vəlisinin olmasıdır. Hətta bəzi fiqh alimləri bu məsələdə o qədər dərinə gediblər ki, deyiblər, qızın vəlisi olmadan ərə gedə bilməz. İslama görə evlilikdə şahidlər də olmalıdır və cütlüyün evliliyi üçün elan etmək məqsədi ilə qohum-əqrəbaları, tanışları məclisə dəvət edib yeyib içmək təşkil edilməlidir. Yeyib içmək dedikdə burada məqsəd haram şeylərdən uzaq olmaqla yeyib-içmək nəzərdə tutulur. Çünki Allah Rəsulundan səhih hədislər vardır ki, evlilik zamanı toy-düyün ziyafəti verilməlidir ki, hər kəs gəlib evlənənlər üçün xeyir-dua versinlər və yeyib içsinlər. Ancaq müasir dövrümüzdə İslam alimləri örfü adəti də nəzərə alaraq bildiriblər ki, əgər yaşadığınız yerdə örf adət necədirsə siz də o adətə uyğun toy edə bilərsiz. Sadəcə, haramları istisna ediblər. Bəzi alimlər musiqinin belə haram olduğunu deyiblər. Lakin Aişədən gələn bir rəvayətdə Allah Rəsulunun musiqiyə qarşı çıxmadığını, cariyələrin oynamasına heç bir qadağa olmadığı bildirilir. Buna görə də bəzi alimlər toyda musiqinin olmasına mübah kimi hökm vermişlər”.
İlahiyyatçı belə məsələlərdə ziddiyətli fikirlərin olduğunu da qeyd edib:
“Bu mövzuya hər kəsin inandığı tərzdə yanaşmaq lazımdır. Bəzən bununla bağlı ata-oğul arasında mübahisə baş verir, qohumlarla inciklik yaranır. Çünki evlənən müsəlman gənc oğlan, Allaha ibadət edirsə, günahlardan, haram vərdişlərdən uzaqdırsa, öz toyunda içki və musiqi alətlərinin olmasını istəmir. Belə insanlar çoxdur. Onlarla bağlı nə isə demək tərəddüdlü məsələdir. Çünki həmin insanlar toylarında şənlik, içki olarsa, eyni zamanda qadınlar və kişilər eyni məkanda iştirak edərsə, inanırlar ki, orada hər hansı mənfi hadisə baş verə bilər, yaxud onun ailə həyatında bədbəxtlik yaşanacaq. Bu düşüncə səhvdir və belə düşünmək olmaz. Çünki insanı xoşbəxt edən Allahdır. Elə dindarlar var ki, heç bir toyda iştirak etmirlər və yalnız dini qaydada təşkil edilən məclislərə qatılırlar. Amma elələri də var, normal qaydada toyda iştirak edir, gəlib xeyir-dua verir, pul yazdırır, hətta əl qaldırıb oynayırlar. Bəzi müsəlman, möminlər toyda sona qədər iştirak edir. Sırf dini qaydada toy etmək məsələni başqa bir məcraya aparır. İnsanlar arasında bölücülük və soyuqluq ortaya çıxır. Ona görə İslam alimləri bildiriblər ki, hər kəsin yaşadığı cəmiyyətdə adət-ənənə necədirsə, toylar da o qaydada keçirilməlidir. İnsanlar bir-biriləri ilə mehriban olmalıdırlar. Ancaq bu gün nəzər yetirəndə, bu cür zidd fikirlərin olduğunu da müşahidə etmək olur. Belə mövzularda bir sıra problemlər var. Hər kəs öz məzhəbinə uyğun qaydada yaşamaq istəyir. Elə şəxslər də var ki, dini toy etsə də, kişilər və qadınlar bir zalda əyləşirlər, mərsiyələr oxunur, musiqi alətləri də olur. Bu nə dərəcədə düzgündür? Belə edirlərsə, normal qaydada, öz adətlərimizə uyğun qaydada toy keçirə bilərlər. Bu məsələlər problemlidir. Fərqli fikir və baxışlar mövcuddur”.