Rəisinin cənazə namazını Xamenei qıldırdı - VİDEO
    • 22-05-2024, 12:03
    • 262

Rəisinin cənazə namazını Xamenei qıldırdı - VİDEO

Helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər rəsmilər üçün paytaxt Tehranda cənazə namazı qılınıb.

News24.az xəbər verir ki, İran lideri Ayətullah Əli Xamenei Tehran Universitetinin kampusunda cənazə namazı qılıb. Məhdud sayda insanın buraxıldığı ibadət sahəsinə daxil olmaq üçün minlərlə insan universitetin qapılarında gözləyib.

Namazdan sonra Azadi meydanında keçiriləcək dəfn mərasimində iştirak etmək istəyən yüz minlərlə insan universitetin yanındakı İnqilab meydanında və bölgəyə gedən yollarda toplaşıb.

İzdihamın artması və gediş-gəlişin çətinləşməsi ilə əlaqədar rəsmilər xalqı Azadi küçəsindən mərasimin keçiriləcəyi Azadi meydanına yönəldib. İnsanlar meydana doğru yürüş ediblər.

Daha sonra keçiriləcək mərasimdən sonra prezidentin cənazəsi Məşhəd şəhərinə göndəriləcək, xarici işlər naziri Abdullahiyanın cənazəsi isə Tehranda qalaraq orada dəfn olunacaq.

Qeyd edək ki, dəfn mərasimi sabah keçiriləcək mərasimlərdən sonra olacaq.

Günel Məlikzadə