-
- 22-05-2024, 14:47
- 330
"SpaceX" orbitə ABŞ casus peyklərini göndərdi
ABŞ Milli Kəşfiyyat Bürosu (NRO) adından ABŞ-ın kosmik nəqliyyat şirkəti SpaceX tərəfindən həyata keçirilən NROL-146 missiyası başlayıb.
News24.az xəbər verir ki, ABŞ Milli Kəşfiyyat İdarəsinə (NRO) məxsus casus peykləri daşıyan Falcon-9 raketi yerli vaxtla saat 01:00-da ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq Kosmik Qüvvələri bazasından uğurla buraxılıb.
Orbitə buraxıldıqdan sonra Falcon-9 raketinin təkrar istifadə oluna bilən birinci pillə gücləndiricisinin Sakit Okeanda "Of Course I Still Love You" platformasına düşəcəyi bildirilir.
MƏLUMATLAR MƏXFİ SAXLANILIR
Milli Kəşfiyyat İdarəsi (NRO) müxtəlif dövlət qurumlarını peyk kəşfiyyatı ilə təmin edən, ABŞ hökumətinin casus peyklərini layihələndirən, istehsal edən, buraxan və idarə edən agentlikdir.
Məxfilik prinsipinə görə SpaceX-in orbitə göndərdiyi casus peyklərin sayı və xüsusiyyətləri kimi detallar məlum deyil.
ABŞ kəşfiyyat mənbələri İlon Maskın kosmos şirkəti ilə milli təhlükəsizlik agentlikləri arasında əlaqələrin dərinləşdiyini bildirir.
Günel Məlikzadə