Bu dövlətlər də Fələstini rəsmən tanıdı
    • 28-05-2024, 15:42
    • 741

Bu dövlətlər də Fələstini rəsmən tanıdı

İspaniya hökumətinin sözçüsü Fələstin Dövlətini rəsmən tanıdıqlarını açıqlayıb.

News24.az xəbər verir ki, İspaniyanın baş naziri Pedro Sançes bu gün verdiyi açıqlamada ölkəsinin Qəzza zolağı və İordan çayının qərb sahili də daxil olmaqla Fələstin dövlətini tanıyacağını bildirib.

Reuters-in məlumatına görə, bu səhər verdiyi açıqlamada Sançes Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi qəbul edəcəklərini bildirib.

Sülhün əldə edilməsi üçün Fələstinin bir dövlət olaraq tanınmasının vacib olduğunu ifadə edən Sançez, "İspaniya 1967-ci il sərhədlərində bütün tərəflər tərəfindən qəbul edilmədikcə heç bir dəyişikliyi tanımayacaq" dedi.

Qeyd edək ki, İrlandiya hökuməti də bu gün bəyanat verib. İsrailə meydan oxuyaraq Fələstin Dövlətini rəsmən tanıdığını bəyan edib.

Bəyanatda bildirilir ki, hökumət çərşənbə axşamı səhər keçirilən kabinet iclasında tanınma planını təsdiqləyib.

Ötən həftə Norveç və İrlandiya ilə birgə bəyanatda İspaniya Fələstin dövlətini tanımaq üçün hərəkətə keçəcəklərini açıqlayıb.

Bu addıma reaksiya verən İsrail İspaniyanın Qüdsdəki konsulluğunun fələstinlilərə xidmət göstərməsini qadağan edib.

Digər tərəfdən Norveç gecə yarısı qüvvəyə minən fərmanla Fələstin Dövlətini rəsmən tanıyıb.

Günel Məlikzadə