-
- 30-05-2024, 12:39
- 340
İranda prezident seçkiləri: Namizədlər üçün müraciət prosesi başladı
İranda iyunun 28-də keçiriləcək prezident seçkiləri üçün namizədlərin sənəd qəbulu başlayıb.
News24.az xəbər verir ki, Daxili İşlər Naziri Əhməd Vahidi mətbuat konfransında deyib:
"İran tarixində dönüş nöqtəsi olan bu həssas şəraitdə və bu qədər böyük itkiyə baxmayaraq, ölkənin idarəçiliyində heç bir pozulma olmayıb”.
Qeyd edək ki, 14-cü prezident seçkiləri namizədlərin qeydiyyatı ilə başlayıb. Prezident seçkiləri ilə bağlı qeydiyyat prosesi 5 gün, 7 gün namizədlərin ixtisas səviyyəsinin yoxlanılmasına, 14 günü isə namizədlərin təbliğat-təşviqat kampaniyasına ayrılacaq.
Daxili işlər naziri Vahidi seçkilərin tam təhlükəsizlik şəraitində, yüksək rəqabət və geniş iştirakla keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Bildirək ki, namizəd olmaq istəyənlər Daxili İşlər Nazirliyinə gedərək şəxsən müraciət edəcəklər.
50 GÜNLÜK SEÇKİ MÜDDƏTİ
Prezident İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olmasından sonra Konstitusiyaya əsasən, birinci vitse-prezident Məhəmməd Muhbir İran lideri Ayətullah Əli Xameneinin təsdiqi ilə vəkil vasitəsilə prezident vəzifəsinin icrasına başlayıb.
İran Konstitusiyasına görə, hazırkı prezident vəfat edərsə, yeni prezident ən çox 50 gün ərzində seçilməlidir.
SEÇKİLƏR İYUNUN 28-DƏ KEÇİRİLƏCƏK
Mayın 20-də qanunvericilik, icra və məhkəmə hakimiyyəti başçıları arasında keçirilən növbədənkənar müşavirədə prezident seçkilərinin iyunun 28-də keçirilməsi qərara alınıb.
Seçkilərdə namizəd olmaq istəyənlər mayın 30-dan başlayaraq 5 gün müddətində Daxili İşlər Nazirliyinə müraciət edəcəklər.
İranda prezidentlər Konstitusiya Keşikçiləri Şurasının təsdiq etdiyi namizədlər arasından xalq tərəfindən seçilir.
İndiyədək keçmiş səhiyyə naziri, islahatçı Məsud Pezeşkian, Ali Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi, mühafizəkar Səid Cəlili və keçmiş vitse-prezident Məhəmməd Rza Mirtacəddini namizədlik üçün müraciət edəcəklərini açıqlayıblar.
Günel Məlikzadə