Azərbaycanda bir gündə 3 nəfər bu faciənin qurbanı OLDU: Necə qorunmalıyıq?
    • 1-06-2024, 10:34
    • 1 289

Azərbaycanda bir gündə 3 nəfər bu faciənin qurbanı OLDU: Necə qorunmalıyıq?

Xəbər verdiyimiz kimi, dünən Şəmkirdə 61 yaşlı kişini ildırım vuraraq öldürüb. Hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. Kənddə çobanlıq edən 1963-cü il təvəllüdlü Musayev Züriyyət Əli oğlunu ildırım vurub. O, hadisə yerində dünyasını dəyişib. Hadisədən bir neçə saat sonra Şəmkir rayonun Zəyəm kəndində isə qadını ildırım vuraraq öldürüb. Şəmkir rayon sakini, D.Qurbanova ildırım vurması nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib. Hər iki faktla bağlı araşdırma aparılır.

Şəmkirdəki faciə yenicə bitmişkən bu dəfə Gəncədə 24 yaşlı oğlan ildırım vurması nəticəsində ağır halda təcili yardım briqadası tərəfindən Gəncə şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Zərərçəkənin vəziyyətinin ağır olduğu bildirilir. Dünən Tovuzda da yeniyetməni ildırım vuraraq öldürüb.

Baş verənlər göstərir ki, son günlər ölkəmizdə ildırım və şimşək çaxması halları artıb və Azərbaycanda ildırımvurma hallarının ən azı əvvəlki illərlə müqayisədə çox olduğunu görmək də mümkündür.

Maraqlıdır, görəsən, ölkəmizdə ildırım və şimşək çaxması hallarının artmasına səbəb nədir? Bunu sadəcə təbiət hadisəsi kimi əlaqələndirmək olarmı? İldırım çaxmasından vətəndaşlar necə qorunmalıdır?

Məsələ ilə bağlı danışan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Ənvər Əliyev News24-az-a açıqlamasında bildirib ki, ildırım vurması ən dəhşətli təbiət hadisələrindən biridir:

“İldırım ayrı-ayrı yükdə olan buludlarla yer arasında olan yüklü hissəciklərin birdən-birə toqquşmasından yaranır. Yüklənmiş bu hissəciklər yerlə bulud arasında elektrik alanı yaradaraq yüksək gərginlikli bir elektrik sahəsi əmələ gətirir. Həmin yaranan elektrik cərəyanı 10 min, 100 min volt olur, hətta bəzən bu gərginlik 1 milyon volta qədər çatır. Bu təbiətin ən qorxulu proseslərindən biridir. İldırımın sürəti işığ sürətinə bərabərdır. Şimşək çaxması Azərbaycanda tez-tez müşahidə olunan bir təbbi hadisədir, lakin artıq bir gündə 3 nəfəri öldürməsi olduqca qorxuludur. Hər bir halda ehtiyyatlı davranmaq lazımdır”.

Qurum rəsmisi qeyd edib ki, insanların cibində olan mobil telefonlar yüklü hissəciklər olduğu üçün ildırımı özlərinə çəkmə funksiyasına sahibdirlər:

“Yolda və ya açıq ərazidə gəzən zaman telefonun söndürülməsi məsləhətdir. Yağışlı günlərdə mümkün olduqca ağaclardan uzaq gəzmək lazımdır. Böyük binalara, elektrik stansiyalarına və digə yüklü hissəciklərlə işləyən obyektlərə ildırım ötürənlər qoyulur. Bu ildırım çaxması zamanı həmin binaları və ya obyektləri şimşəkdən qoruyur. Ölkə ərazisində ildırım daha çox dağlıq ərazilərdə müşahidə olunur. Gəncə-Qazax, Zaqatala-Şəki bu ərazilərdə şimşək çaxması hallarına daha çox rast gələ bilərik”.

Ənvər Əliyevin sözlərinə görə, ildırım çaxması zamanı insanlar boş ərazilərdə və ağacların yanından mümkün olduqca uzaq durmalıdırlar. Əgər üzərimizdə telefon varsa, onun söndürülməsi məsləhətdir. İldırım adətən böyük binaları və ya yüksək obyektləri vururdu, amma görünür ki, bu gün vəziyyət dəyişib. 


Aqil Qarayev