Sabiq Baş Qərargah rəisi evində ölü tapıldı
    • 17-06-2024, 21:43
    • 1 024

Sabiq Baş Qərargah rəisi evində ölü tapıldı


Hərbi gəmilər istehsal edən şirkətin prezidenti evində ölü tapılıb.

News24.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb.

Xəbərdə deyilir ki, 70 yaşlı İtaliyanın keçmiş Baş Qərargah rəisi, həm də hərbi gəmilər istehsal edən “Fincantieri” şirkətinin prezidenti Klaudio Qratsiyano evində ölü tapılıb. Keçmiş Qərargah rəisinin mühafizəçisi tərəfindən tapıldığı bildirilib.

Qeyd olunub ki, bir müddət əvvəl həyat yoldaşını itirən Qratsiyano intihar etmiş ola bilər və ölüm səbəbi ilə bağlı araşdırmalar davam edir.

Ordunun aparıcı zabitlərindən biri kimi qəbul edilən Qratsiyano əvvəllər İtaliya ordusunun Livan, Əfqanıstan və İraqda iştirak etdiyi müxtəlif beynəlxalq missiyalarda vəzifələr icra edib.

2011-2015-ci illərdə İtaliya Quru Qoşunlarının komandanı vəzifəsini icra edən Qratsiyano 2015-2018-ci illərdə Baş Qərargah rəisi olub. Qratsiyano 2018-2022-ci illərdə Aİ Hərbi Komitəsinin sədri vəzifəsində çalışıb.

Qratsiyano 2022-ci ildən kruiz gəmiləri və hərbi gəmilər istehsal edən İtaliyanın dövlət şirkəti Fincantieri-nin prezidenti idi.