İranda 14-cü prezident seçkiləri - FOTO
    • 28-06-2024, 09:14
    • 430

İranda 14-cü prezident seçkiləri - FOTO

İran Daxili İşlər Nazirliyinin Seçki Mərkəzinin məlumatına görə, 88 milyon əhalisi olan ölkədə 59 mindən çox mərkəzdə yaradılmış seçki qutularında təxminən 62 milyon seçici səs verə biləcək. Bundan əlavə, ölkədən kənarda olan İran vətəndaşları 95 ölkədə yaradılmış seçki mərkəzlərində səsverməyə gələ biləcəklər.

News24.az xəbər verir ki, yerli vaxtla saat 08.00-da başlayan səsvermə prosesi saat 18.00-da başa çatacaq. Lakin lazım gələrsə, Daxili İşlər Nazirliyinə tabe olan Seçki Mərkəzinin qərarı ilə bu müddət uzadıla bilər.

Seçkilərdə islahatçı namizəd Məsud Pezeşkiyan, mühafizəkar namizədlər parlament sədri Məhəmməd Baqir Qalibaf, Milli Təhlükəsizlik Ali Şurasının keçmiş baş katibi Səid Cəlili və keçmiş daxili işlər naziri Mustafa Purmuhammedi yarışır.

Qeyd edək ki, mühafizəkar namizədlər Tehran meri Əli Rza Zəkani və əmir Hüseyn Qadizadəhaşimi “mühafizəkar qanadda birliyi təmin etmək üçün” seçkiyə saatlar qalmış namizədliklərini geri götürüblər.

Namizədlər birinci turda seçilmək üçün 50+1 faiz səs toplamalıdırlar.

Birinci turda 50+1 faizdən çox səs toplayan namizəd olmazsa, ən çox səs toplayan 2 namizəd ikinci tura keçəcək və iyulun 5-də keçiriləcək ikinci turun qalibi 9-cu prezident olacaq. 

Seçkilərin nəticələri ilə bağlı ilk məlumatların gecə yarısı və yekun nəticələrin sabah açıqlanacağı gözlənilir.

Onu da bildirək ki, İranda prezident 4 il fəaliyyət göstərir və ardıcıl olaraq maksimum 2 dəfə seçilə bilər.

Günel Məlikzadə