2 yaşlı övladına 9 bıçaq vurdu - Cəzasının yüngülləşdirilməsini istəyir
    • 10-07-2024, 12:45
    • 372

2 yaşlı övladına 9 bıçaq vurdu - Cəzasının yüngülləşdirilməsini istəyir

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuş Saqi Kərimov cəzasının yüngülləşdirilməsini istəyir.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, o, barəsindəki hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verib.

Onun şikayəti hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

Saqi Kərimov onu dəmir barmaqlıqlar arxasına aparan cinayəti 2022-ci il noyabrın 23-də törədib. Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsində Saqi Kərimov 2 yaşlı oğlu İsmayıla bıçaq xəsarətləri yetirərək, onu öldürmək istəyib. Bu barədə azyaşlının anası Xeyrənsə Kərimova Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciətində bildirib.

Məlumat əsasında Çevik Polis Alayının əməkdaşları həmin evə yollanıb və Saqi Kərimovu gətirərək bölməyə təhvil veriblər.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Saqi Kərimov 1990-cı ildə Yevlax şəhərində anadan olub, 2018-ci ildə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə 1 il müddətinə islah işləri cəzasına məhkum olunub.

İstintaq zamanı üzə çıxıb ki, hadisə baş verən gün Saqi Kərimov qayınatası Təyyar Əliyevin evinə gedib. Orada arvadı Xeyrənsə Kərimovadan onunla birlikdə evə getməsini tələb edib. Yoldaşı bundan imtina edib, onunla birlikdə yaşamayacağını və boşanacağını, eləcə də azyaşlı övladı ilə görüşməyə imkan verməyəcəyini bildirib. Bundan sonra o, qadından qisas almaq istəyib. Qadına mənəvi iztirab vermək məqsədilə ondan 2 yaşlı oğlu ilə axırıncı dəfə görüşmək üçün şərait yaratmasını xahiş edib. Yoldaşı razı olduqda, Saqi Kərimov uşağı yataq otağına aparıb, arvadı, qayınatası və qayınanasına əzab verəcəyini düşünərək, bıçaqla oğlu İsmayıla 9 dəfə zərbə endirib. Yetirdiyi xəsarətlərin ağrısından qışqıran uşağın səsinə nənəsi Əminə Əliyeva içəri daxil olub və kürəkəninə mane olmağa çalışıb. Saqi Kərimov qayınanasına da 2 dəfə bıçaqla zərbə vurub. Azyaşlıya ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edilib.

Saqi Kərimov istintaqa ifadəsində bildirib ki, ailə qurandan sonra Bakıda kirayədə yaşayıblar. Aralarında mübahisələr yarandığından 2022-ci ilin avqustunda yoldaşı uşağı götürüb, atası Təyyar Əliyevin evinə gedib. Cəhdlərinə baxmayaraq həyat yoldaşını evə qaytara bilməyib. Hadisə baş verən gün xırdavat mağazasından bıçaq alıb və qayınatasının evinə gedib. Evdə söhbət zamanı qayınatası ona qızının heç hara getməyəcəyini bildirib.

“Qayınatamın sözlərindən sonra özümü və oğlumu öldürməyi qərarlaşdırdım. Xeyrənsə İsmayılı mənə verəndə uşağı qucaqlayıb yataq otağına apardım. Azyaşlını çarpayının üzərinə uzatdım və bıçaqla ürəyinə zərbə vurdum. Ardınca 8 zərbəni necə vurduğumu xatırlamıram” - deyə Saqi Kərimov istintaqçılara deyib.

Xeyrənsə Kərimova dəhşətli cinayəti belə xatırlayıb:

“Saqi İsmayılı götürüb şəhərə gəzməyə getməyi təklif etdi. Mən isə Saqiyə uşağın xəstə olduğunu, buna görə də onu çölə çıxara bilməyəcəyimi dedim. Yoldaşım bundan əsəbiləşərək üstümə qışqırdı. Həmin axşam Saqi evdən getməyə hazırlaşarkən uşağı qucaqlayıb sağollaşmaq istədiyini dedi. Ərim uşaqla birlikdə yataq otağına keçəndən bir müddət sonra İsmayılın ağladığını eşitdim. Otağa girəndə İsmayılı çarpayının üzərində, qana bulaşmış vəziyyətdə gördüm və qışqırmağa başladım”.

Səs-küyə həmin otağa gələn qayınanası Əminə Əliyeva Saqinin İsmayıla bıçaqla zərbələr vurduğunu görüb, əli ilə bıçaqdan və qolundan tutub, azğınlaşmış kürəkənini divara çırpıb.

Bıçaq xəsarətlərinin təsirindən körpənin dili tutulub, danışmasında problem yaranıb.

Ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saqi Kərimov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Bundan sonra o, barəsindəki hökmdən Apellyasiya Məhkəməsinə şikayət verib. Məhkəmə şikayəti təmin etməyib.

Körpə övladını şikəst edən Saqi Kərimovun kassasiya şikayətinə oktyabrda baxılacaq.