İnsanlar niyə vəzifədə olan şəxslərlə ünsiyyət qurmağa çalışırlar?
    • 10-07-2024, 22:07
    • 186

İnsanlar niyə vəzifədə olan şəxslərlə ünsiyyət qurmağa çalışırlar?

Vəzifə sahibi olan şəxslərlə ünsiyyətə, əlaqə qurmağa meyilli şəxslər hər zaman çox olur. Həmin vəzifə sahibləri həmin şəxslərə heç nə vəd etməsə də, çox şəxs daima onlarla ünsiyyətdə olmağa çalışırlar. Maraqlıdır, o şəxslərlə ünsiyyətimizin olması karyeramıza, iş həyatımıza necə təsir edə bilər?

News24.az bildirir ki, valyuta.az-a danışan "SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov bildirdi ki, məsələnin təbii qanunauyğunluq və etika tərəfi var:

“Biznes üçün əlaqələrimiz çox önəmlidir. Biz buna inanırıq ki, şirkət rəhbərlərilə, vəzifə sahibləri, qərar verən, gücü olan şəxslərlə əlaqəmiz nə qədər güclü olarsa, bizim də gücümüz o qədər çox olar. Bu mənada netvorkinqin keyfiyyəti baxımından hər kəs çalışır ki, vəzifəli insanlarla əlaqə qursun. İş həyatı cəhətdən baxsaq, normaldır”.

A.Bayramov deyir ki, digər nüans etika məsələsidir:

“Məsələn, bir şəxs vəzifədə olan şəxslə əlaqə saxlasın, ondan nə isə xahiş etsin, amma vəzifədə olmayan zaman həmin şəxslə əlaqəni azaltsın və ya kəssin. Bu, etik olaraq düzgün deyil. Vəzifədə olan şəxs tərəfdən baxsaq, o, elə rəftar etməlidir ki, nüfuzu şirkətə görə olmasın. Məsələn, bir şəxs X şirkətinin direktorudur. Əgər o şirkətdən ayrılandan sonra bütün cazibəsini itirirsə, burada sıxıntı var. O, çalışmalıdır ki, yalnız şirkətə bağlı olmasın. Həmin şəxs çalışmalıdır ki, öz markasını, öz şəxsiyyətini  inkişaf etdirsin. Şəxsin reputasiyasiyası şirkətdən asılı olmalı deyil. Vəzifədə olan şəxs elə rəftar sərgiləməlidir ki, vəzifədən çıxandan sonra da insanlar ona hörmət etsinlər”.