Silahlı qruplaşmanın üzvü ilə bağlı QƏRAR
    • 11-07-2024, 19:42
    • 280

Silahlı qruplaşmanın üzvü ilə bağlı QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində Suriyada yaradılmış qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə ittiham olunan Kamran Zülfüqarovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

News24.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, Kamran Zülfüqarov 2018-ci ildə məhkəmə qərarı ilə Azərbaycan vətəndaşlığından çıxarılıb. Onun Suriyadakı cinayətkar fəaliyyəti isə 2013-cü ili əhatə edib. Sonradan əməllərindən peşman olaraq, gizli yolla Azərbaycana gələn Zülfüqarov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatçıları tərəfindən müəyyən edilərək tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə) maddəsi ilə yekun ittiham elan edilib. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilsə də, məhkəmədə əvvəl dediklərindən fərqli ifadə verib. İstintaq vaxtı ifadəsində deyib ki, Suriyada təlimlərdə iştirak edib. Həmin ölkənin Haritan şəhərində "Xalid dayı" dini ləqəbli Bədəlov Rövşən Kitab oğlunun rəhbərlik etdiyi "Xalid dayının camaatı" adlı qanunsuz silahlı qruplaşmanın üzvü olub. Amma sonradan Xalid dayı ilə arası pisləşdiyi üçün onu İŞİD-ə həbs etdirib. İki ay sonra o, həbsdən buraxılaraq gizli yollarla Türkiyəyə qaçıb. Kamran bir neçə il Türkiyədə yaşadıqdan sonra tırın altında gizlənməklə qanunsuz yolla Azərbaycana keçib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü Kamran Zülfüqarova 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.