Ayda mağara aşkar edildi
    • 16-07-2024, 09:56
    • 223

Ayda mağara aşkar edildi

Alimlər ilk dəfə Ayda mağara aşkar ediblər.

News24.az xəbər verir ki, ən azı 100 metr dərinlikdə olan bu mağara insanların daimi baza yaratması üçün ideal yer ola bilər.

Tədqiqatçıların fikrincə, bu mağara, "yeraltı kəşf edilməmiş dünyada" yerləşən yüzlərlə mağaradan yalnız biridir. 

Kosmosa gedən ilk ingilis astronavt Helen Sharman, yeni kəşf edilən mağaranın baza üçün uyğun göründüyünü və insanların 20-30 il ərzində Aydakı çuxurlarda yaşaya biləcəyini deyib. Bundan əlavə, Sharman bildirib ki, bu mağara o qədər dərindir ki, astronavtlar mağaraya enmək üçün "ip endirməli və ya reaktiv paket və ya liftdən istifadə etməli" ola bilər.

İtaliyanın Trento Universitetindən Lorenzo Bruzzone və Leonardo Carrer radardan istifadə edərək Mare Tranquillitatis adlı qayalı düzənlikdə çuxurun girişini araşdırıb və bu mağaranı tapıblar. Məlum olub ki, bu ərazi Apollon 11-in 1969-cu ildə eniş etdiyi yerdir.

Mağara milyonlarla il əvvəl lavanın Ayda axaraq qayada tunel əmələ gətirməsi nəticəsində yaranıb. Tədqiqatçılar mağaranın xəritəsini çəkmək üçün yerüstü radar, kameralar və ya robotlardan istifadə oluna biləcəyinə ümid edirlər.

Bu kəşf Ayda daimi insan mövcudluğu istiqamətində mühüm addım ola bilməklə yanaşı, Ayın tarixi ilə bağlı fundamental suallara da cavab verə bilər. 

Məryəm İlhamqızı