Mədəkiçiltmə əməliyyatları etmək istəyənlərin nəzərinə - RİSKLİDİR
    • 17-07-2024, 22:35
    • 528

Mədəkiçiltmə əməliyyatları etmək istəyənlərin nəzərinə - RİSKLİDİR

İnsanlar artıq çəkidən uzaq olmaq üçün pəhrizlə, az yeməklə qidalanırlar. Eləsi də var bütün zamanını idman salonlarında keçirir.

Son zamanlar artıq çəkidən xilas olmaq üçün ən çox yayılan üsul mədə kiçiltmə əməliyyatıdır. İnsanlar gözəl görünmək üçün hər yolu sınayırlar, həmin yollardan biri də mədəkiçiltmə əməliyyatıdır. Amma son dönəmlərdə insanlar sözügedən əməliyyatın qurbanı olurlar. Bəs, buna səbəb nədir? 

News24.az bildirir ki, mövzu ilə bağlı Moderator.az-a Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov danışdı:

“Mədəkiçiltmə əməliyyatı özlyündə kifayət qədər ciddi bir əməliyyatdır və bilirsiniz ki, daha çox çəkisi idarəolunmaz şəkildə artmış insanlarda bu əməliyyatı etməyi qərara alırlar. İdarəolunmaz hal niyə deyirəm? Çünki digər, pəhriz kimi üsullar kömək etmədikdə artıq çəkidən azad olmaq üçün əməliyyat qərarı verilir. Bu qədər artıq çəkinin olması da orqanizmdə digər ciddi problemlərin olmasından xəbər verir, çünki bu xəstələrin böyük əksəriyyətində ciddi endokrinoloji sıxıntılar, təzyiq, şəkər, ürək problemləri ola bilir. Bu baxımdan, bütün əməliyyatlar kimi mədəkiçiltmə əməliyyatının özünün verdiyi risk var. Tibdə bilirsiniz ki, cərrahi əməliyyatlar öz ağırlığına görə müəyyən bir risk daşıyır. Yanaşı olaraq bu insanların problemlərinin ciddi olmasını nəzərə alsaq və eyni zamanda, əməliyyat sonrası dövrlərdə bərpa prosesi üçün də orqanizmin yetərli olmadığını nəzərə alsaq, bu hallarda mədəkiçiltmə əməliyyatı riskinin daha çox olduğunu görərik. Mən düşünürəm ki, bütün bu məsələlərlə bağlı pasiyentə, onun yaxınlarına həkim tərəfindən lazım olan bütün məlumatlar verilir və bundan sonra əməliyyat qərara alınır”.

Həkim, onu da qeyd etdi ki, bu tip əməliyyatlar estetik görünüş üçün nəzərdə tutulsa da, risk faizi yüksəkdir və həmin risklərlə pasiyentin öncədən tanış olmağı vacibdir: 

“Mədəkiçiltmə elə bir əməliyyatdır ki, burada həyati göstəriş bilavasitə yoxdur. Bunu insanlar daha çox çəkilərini azaltmaq, estetik baxımdan daha yaxşı görünmək və s. məsələlər üçün edir. Bu baxımdan, böyük ehtimalla bütün bu risklərlə də həkim tərəfindən xəstənin tanış olması lazımdır və mən əminəm ki, bu hallar da olur. Əməliyyat özlüyündə risklidir. Ola bilər ki, əməliyyat sayının artması risk faizini artıq şəkildə göstərir”.