Azərbaycanı şantaj edən reket jurnalistikası...
    • 17-07-2024, 20:00
    • 191

Azərbaycanı şantaj edən reket jurnalistikası...

Son illərdə Azərbaycanda media sahəsində çox ciddi addımlar atılır. Mətbuat Şurasının rəhbərliyinin dəyişməsi, eləcə də Medianın İnkişafı Agentliyinin yaradılması bunun bariz nümunəsidir.

News24.az “Qafqazinfo”a istinadla xəbər verir ki, MEDİA-nın qısa zaman kəsiyində  formalaşmasına baxmayaraq, çox ciddi, önəmli proseslər başladılıb.

Bu xüsusda yeni qəbul edilən media qanunvericiliyinin də məramı bəllidir - informasiya alınması və yayılması sahəsində pərakəndəliyi aradan qaldırmaq. 

Bundan sonra onlayn mediaya dəstək üçün hətta müsabiqələr də təşkil edildi. Şərtlər isə heç də çətin deyildi, media qurumu özü informasiya istehsalçısı olmalıdır. Ofisi olmalı, əməkdaşarla müqavilə imzalamalıdır.

Aydın məsələdir ki, indiyədək Azərbaycanda informasiya alınması və yayılmasına qədər üst-üstə 10 yaxın qanunvericilik olsa da, ölkədə onlayn medianın fəaliyyəti tənzimlənmirdi. 

Nəzərə alaq ki, informasiya saytlarının əksəriyyəti bir nəfərdən ibarətdir. Həmin 1 nəfərlə də saytı saxlamaq mümkün deyil. Onlar da məcbur olub informasiya dövriyyəsini təmin etmək üçün informasiyanı necə-gəldi hazırlayırlar. Bu da peşəkarlığın aşağı düşməsinə səbəb olur. O baxımdan agentliyin ən azı 3 əməkdaşının olması və onlarla əmək müqaviləsinin bağlanması ilə bağlı tələbi mühüm şərt hesab etmək olur.

Qanun ciddi media orqanları üçün faydalı olsa da, bir notbukdan ibarət təkadamlıq saytlara heç də sərf etmədi. Bunların əksərtiyyətinin də reket jurnalistikası ilə məşğul olduğu heç kimə sirr deyil.

Bu kimi şəxslərin qanuna qarşı çıxması da gözlənilən idi. Bəlli olub ki, bir qrup şəxs təkadamlıq saytların fəaliyyətinin məhkəmə qərarı ilə bloklanmasına qarşı etiraz olaraq Prezident Administirasiyasının qarşısında aksiya keçirməyi planlaşdırırlar.

Tələblərini də sosial media vasitəsilə açıqlayıblar: “Ya bloku aradan qaldıracaqsınız, ya da xaricə gedib sizi söyəcəyik!”.

Və bunu utanmadan, çəkinmədən açıq-aşkar deyirlər: “Bunun sonu ölkədən kənarda yeni söyüş dalğasının inkişafına gətirib çıxara bilər”.

Yəni, bunlar potensial qabillər, turallardır - daha doğrusu turollar...

Təəccüblü deyil! Reket jurnalistikasının istifadə etdiyi ənənəvi yoldur - ŞANTAJ!

Şantajın isə cəzası Azərbaycan qanunvericiliyi ilə tənzimlənir.