Nipah virusu xəbərdarlığı: 14 yaşlı oğlan öldü
    • 22-07-2024, 11:17
    • 308

Nipah virusu xəbərdarlığı: 14 yaşlı oğlan öldü

Hindistanın Kerala əyalətinin səhiyyə orqanları 14 yaşlı uşağın Nipah virusundan ölməsindən sonra fövqaladə vəziyyət elan edib. 

News24.az xəbər verir ki, Kerala Səhiyyə Naziri Veena George, uşağın Pandikkad şəhərindən olduğunu və onunla təmasda olan insanların təcrid olunaraq sınaqdan keçirildiyini söyləyib. 

Bölgədəki insanlardan ictimai yerlərdə maska taxmaq və xəstəxanalarda xəstələrə baş çəkməmək kimi ehtiyat tədbirlərinə əməl etmələri istənilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Nipah virusu donuz və meyvə yarasaları kimi heyvanlardan insanlara keçən “zoonoz xəstəlikdir”. Çirklənmiş qida və yoluxmuş şəxslə təmas yolu ilə də ötürülə bilər. ÜST bu virusu epidemiyaya səbəb ola biləcəyinə görə prioritet patogenlər sırasına daxil edib.

Qeyd edək ki, 14 yaşlı oğlan virusun aşkarlanmasından cəmi bir gün sonra bazar günü vəfat edib.

Ştat hökuməti Nipah epidemiyasının qarşısını almaq üçün fəaliyyət planı hazırladığını açıqlayıb.

Günel Məlikzadə