-
- 23-07-2024, 16:30
- 203
Etna dağı kül və lava püskürdü
İtaliyanın ANSA agentliyinin xəbərinə görə, Siciliya adasında yerləşən və hündürlüyü 3 min 30 metr civarında olan Etna dağı yenidən kül və lava püskürüb.
News24.az xəbər verir ki, Kataniya hava limanını işlədən şirkətdən verilən açıqlamada partlayış nəticəsində atmosferə yayılan kül buludu səbəbiylə uçuşların müvəqqəti olaraq dayandırıldığı bildirilib.
Açıqlamada bəzi sərnişinlərin yaxınlıqda yerləşən müxtəlif hava limanlarına istiqamətləndirildiyi də qeyd olunub.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun açıqlamasında vulkanik fəaliyyətin intensiv olduğu və Etnanın yaydığı külün təxminən 8 kilometr yüksəkliyə çatdığı bildirilib.
Qeyd edək ki, Avropa qitəsinin ən yüksək aktiv vulkanı olan Etna dağında iyulun əvvəlindən bəri tez-tez vulkanik aktivlik müşahidə olunur.
Vulkan 2023-cü ilin dekabrında güclü kül və lava püskürdükdən sonra bu ilin iyul ayına qədər səssiz qalıb.
Məryəm İlhamqızı