Əflatun Amaşov: «Təhsillə bağlı qanunlar qəbul edilir, amma araşdırması verilmir
    • 30-05-2019, 11:47
    • 753

Əflatun Amaşov: «Təhsillə bağlı qanunlar qəbul edilir, amma araşdırması verilmir

Təhsil Nazirliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlim öz işinə başlayıb.

News24.az -ın məlumatına görə, təlimdə 30-dək media nümayəndəsi iştirak edir. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov ilk olaraq çıxış etdi və bildirdi ki, təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır. 

Əflatun Amaşov bildridi ki, il ərzində Mətbuat Şurasına 600-700 yazılı şikayət daxil olur. Şikayətlərin minumum 30 faizə qədəri məktəblərdən, müəllimlərdən, direktorlardan daxil olur. Şikayətlər əsasən müxtəlif saytlarda onlar haqqında qərəzli və düzgün olmayan informasiyaların yayılması ilə bağlı olur. "Bəzi məqamlarda jurnalistlərin yazdıqları həqiqət olur. Lakin əksər hallarda şikayət verən tərəf daha haqlı olur və o zaman da biz tövsiyyələrimizi veririk. Bəzən saytlarda, sosial şəbəkələrdə məktəblərlə bağlı paylaşımlar elə təəssürat yaradır ki, sanki Azərbaycanda müəllimlər savadsızdır, tanış olmasa, pul verilməsə müəllim qiymət yazmayacaq və məktəblərdə rüşvət tüğyan edir.  

Bu cür saytların sayı təəssüf ki, çoxdur». Ə.Amaşov qeyd edib ki, valideynlər tərbiyə ilə bağlı missiyalarını məktəbdən gözləyirlər. "Amma unudurlar ki, tərbiyə ailəyə xas olan xüsusiyyətdir, tərbiyəni valideyn verir. Təhsillə bağlı qanunlar qəbul edilir, lakin onların açılışı, araşdırması verilmir. Təhsilin Azərbaycanın ictimai mədəni həyatında oynadığı rol çatdırılmalıdır".

Təlimin ilk günü “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan gözləntilər, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)”, “İstedadlı uşaqlarla iş”, “Məktəb tikintisi”, “Ümumi təhsil haqqında” Qanuna dəyişikliklər, “Təhsil haqqında” Qanuna dəyişikliklər”, “Məktəblinin dostu”- təhlükəsiz məktəb, arxayın valideyn”, “Dərsliklərlə təminat – mövcud vəziyyət və əsas hədəflər” və “Ehtiyat dərsliklər” mövzularında təqdimatlar oldu. 

 Afaq Mirayiq