Psixoloq: “Qadınlar öz təlabatını ödədiyi üçün kişiyə ehtiyac duymurlar”
    • 5-07-2024, 22:35
    • 10 332

Psixoloq: “Qadınlar öz təlabatını ödədiyi üçün kişiyə ehtiyac duymurlar”

“Həmişə gündəmdəki aktual məsələlər arasında boşanma sayının kəskin artmasının səbəbləriylə bağlı söyləntilər olur”. 

 News24.az “Cebhe.info”-ya istinadən xəbər verir ki, bu sözləri məşhur psixoloq Əfsanə Rüstəmova açıqlamasında deyib. O, bununla bağlı kiçik araşdırma etdiyini söyləyib:

“Müşahidə etdiyim və araşdırdığım qədəriylə insan yarananda qadının kişiyə və kişinin qadına ehtiyacı cəmiyyətin içində bilərəkdən və ya bilmədən bir şəkildə dizayn olunub. Odun kəşf olunmasından tutmuş ovçuluq dönəmində qida ehtiyacının kişi tərəfindən ödənməsinə qədər qadını kişidən aslı edən bir cəmiyyət dizayn olunub. Belə olan halda uzunömürlü münasibətin olmaması təəccüblü olardı. Çünki tərəflərdən biri “möhtac” idi. Kişi isə öz növbəsində cinsi ehtiyacını qadınsız da ödəyə bilirdi. Qadın ona övlad üçün ehtiyac duyduğu bir “daşıyıcı” olaraq lazım idi. Çünki bu dövrdə uşaq kişinin uşağı sayılırdı”. 

Onun sözlərinə görə, artıq vəziyyət dəyişib: 

“Dönəm də dəyişdi, cəmiyyətin “dizaynı” da dəyişdi. Artıq “tək əldən səs çıxır”. Qadınlar öz təlabatlarını ödəyə bildiyi yerə qədər kişiyə ehtiyac duymamağa başladılar. Kişilərin isə nəsil artırma və ya soylarının davam etdirmə dərdləri qalmadı. İndi uşaqlar daha çox qadınların uşağıdır. Bu, “özbaşına bacara bilmək” kimi adlandıra biləcəyimiz mərhələ “özbaşınalıq”la qarışdırıldı. Düşünürəm ki, hazırda cəmiyyət bir seçim qarşısındadır. Ya cəmiyyət yenidən möhtaclıq-asılılıq dizaynını təzələməlidir, ya da evlilik adlı qurum tarixə qovuşmalıdır. 

İndiki dizayn birgəyaşayış və açıq münasibət tərzinə daha uyğun görünür. Toplum bunun fərqində olub seçim edərsə, heç nəyi dəyişmək üçün gec deyil. Çünki unutmamalıyıq ki, biz öz həyatımızı özümüz “dizayn” edirik”.