17 illik qazıntı işləri nəticəsini verdi: Müqəddəs şəhər kəşf edildi
    • Bu gün, 18:06
    • 145

17 illik qazıntı işləri nəticəsini verdi: Müqəddəs şəhər kəşf edildi

Hetlərin müqəddəs şəhəri Nerikdəki Vəzirköprü Oymaağaç kurqanında aparılan qazıntılar zamanı 3 min illik qalıqlar tapılıb.

News24.az publika.az-a istinadla xəbər verir ki, Nerikə aid olduğu müəyyən edilən qədim şəhərdə 17 ildir qazıntı işləri davam edir. Tarixi şəhərdə aparılan qazıntılarda ABŞ, Avstraliya, Almaniya və Türkiyədən də mütəxəssislər iştirak edirlər.

Əvvəlki illərdə antik şəhərdə aparılan qazıntılar zamanı müqəddəs su kimi tanınan 52 pilləli tuneldə 3 min illik fındıq qabıqları və tunc alətlərlə kəsilmiş 3 min illik taxta parçaları aşkar edilib.

Qazıntı qrupu tuneldə 3 min illik fındıqların müqəddəs sudan çıxarıldığını bildirərkən, səlahiyyətlilər tapılan əsərlərlə bağlı bunları deyib:

“Təxmin edirik ki, buradakı məbəd uzun illər istifadə olunub. Kurqanda onun qədim Het dövründə, yəni eramızdan əvvəl XVI əsrdən XII əsrə qədər istifadə edildiyini görürük. Məbədin üstündə tunel tapdıq və tuneli qazdıqca suya doğru irəlilədik. Təxminən 8 metr dərinlikdə hetlərin müqəddəs su adlandırdığı əraziyə çatdıq. Beləliklə, Nerikin 3500 illik tarixi olduğunu müəyyən etdik.

Bununla yanaşı tunelin içərisində taxta tapıntılar aşkar etdik. Hovuzda taxta qalıqları tapanda şoka düşdük. Çünki Anadoluda yaş material yoxdur. Həmin ərazidə bir az da qazanda fındıq qabıqlarına da rast gəldik. 3 min illik fındıq qabığı Qara dəniz bölgəsinin fındıq istehsal mərkəzi olduğunu sübut etdi”.

Hetlərin müqəddəs şəhəri Nerikdə aparılan qazıntılar nəticəsində Oymaağaç kurqanında tapılan mixi lövhələr ən mühüm maddi mədəniyyət qalıqları kimi diqqət çəkir. Uzunmüddətli araşdırmalar və müzakirələr nəticəsində Het İmperatorluğunun şimal sərhədlərində olduğu düşünülən müqəddəs Nerik şəhəri Oymaağaç Höyükdə dəqiq lokallaşdırılıb.

Samsunun cənubunda Vəzirköprü düzünün şimal hissəsində yerləşən və ölçüsü 200x1900 metr olan Oymaağaç Höyük həm yeri, həm də tapıntıları ilə sual işarələrini aradan qaldırır.