Bugünkü qəzada zərər çəkənlərə pul veriləcək – RƏSMİ
    • Bu gün, 15:05
    • 108

Bugünkü qəzada zərər çəkənlərə pul veriləcək – RƏSMİ

Bu gün Bakı-Sumqayıt yolunda iki avtobusun toqquşması ilə baş vermiş qəza nəticəsində zərər çəkmiş şəxslərə sığorta ödənişi veriləcək.

News24.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq qəzanın iştirakçısı olan sərnişin avtobusunun mülkiyyətçisi – “BakuBus” MMC-dən bildirilib.

“Sığorta ödənişi “İcbari sığortalar haqqında” qanuna uyğun həyata keçiriləcək. Hazırda hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin müvafiq qurumları araşdırma aparır və məsələyə hüquqi qiymət veriləcək,” – deyə məlumatda qeyd olunub.

İcbari Sığorta Bürosundan isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, “İcbari sığortalar haqqında” qanunun tələbinə əsasən, şəhərlərarası və beynəlxalq sərnişin daşımaları həyata keçirən nəqliyyat vasitələrinin (o cümlədən avtobusların) sahibləri mülki məsuliyyəti icbari sığortası ilə yanaşı sərnişinlərin icbari fərdi qəza sığortasına da malik olmalıdır.

Belə ki, sığorta edilmiş sərnişinin nəqliyyat vasitəsində hərəkətdə olduğu müddətdə bədən üzvlərinin, toxumalarının zədələnməsi nəticəsində yüngül, az ağır və yaxud ağır xəsarət alması, əmək qabiliyyətini tam və yaxud qismən itirməsi, yaxud ölməsi faktı sığorta hadisəsi hesab edilir. Bu halda sığorta məbləği, nəqliyyat vasitəsində olan hər bir sərnişinə görə – 5000 manat, hər bir nəqliyyat vasitəsinə münasibətdə isə bu məbləğin müvafiq nəqliyyat vasitəsindəki sərnişin yerlərinin sayına hasili ilə hesablanır.

Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin bu nisbətlərində ödənilir: Zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsinə görə 100 %, zərərçəkənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsinə görə 100 %, zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyinin müəyyən olunması zamanı orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə 80 %, orqanizmin funksiyalarının 61-80 % pozulmasına görə 60 %, orqanizmin funksiyalarının 31-60 % pozulmasına görə 40 %, əlillik müəyyən olunmadan az ağır və ya ağır xəsarət almasına görə 30 %, yüngül xəsarət almasına görə 15 %.

Yuxarıda qeyd olunan iki növ üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir.

İcbari qaydada sığortalanmanın təmin edilməsinə nəzarəti “İcbari sığortalar haqqında” qanunun tətbiqi haqqında ölkə prezidentinin fərmanının 4.4-cü maddəsinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Daxili İşlər Nazirliyi, hava, su və dəmiryol nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə hazırda qüvvədə olan müqavilələrin sayı 145 ədəd, bu müqavilələrə görə toplanmış sığorta haqqı isə 99 min 730 manatdır.