Hizbullah İsraildə iki hərbi bazaya hücum etdi
    • Bu gün, 17:47
    • 138

Hizbullah İsraildə iki hərbi bazaya hücum etdi

İsraillə Hizbullah arasında gərginlik artır.

News24.az xəbər verir ki, Livan Hizbullahının verdiyi açıqlamada İsrailin şimalındakı Akka şəhəri yaxınlığında yerləşən iki hərbi bazaya pilotsuz uçuş aparatları (PUA) ilə, bir hərbi avtomobilə də hücum edildiyi açıqlanıb.

Bildirilib ki, hədəfə alınan hərbi bazalar Qolani briqadasının qərargahı və Akkanın şimalındakı Şraqa kazarmasında yerləşən 621 saylı Egoz bölməsinin qərargahı olub.

Hədəf alınan hərbi bazaların sərhəddən təxminən 20 kilometr uzaqlıqda olduğu öyrənilib.

Hizbullah mənbəsi “Reuters”ə “Komandir Fuad Şükürün öldürülməsinə hələ cavab almamışıq” deyib.

“6 NƏFƏR YARALANIB”

Hizbullahın PUA hücumu ilə Akka və Nehariya şəhərlərində xəbərdarlıq sirenləri işə düşüb.

İsrail ordusundan verilən açıqlamada Livandan İsrailə keçən PUA-ların təsbit edildiyi və onlardan birinin qarşısının alındığı bildirilib. Sahildə yerləşən Nehariya şəhərinin cənubunda bir neçə mülki vətəndaşın yaralandığı bildirilib.

Şəhərdəki Qaliley Tibb Mərkəzinin direktoru Məsəd Bərhum jurnalistlərə açıqlamasında 6 nəfərin yaralandığını, onlardan 1-nin vəziyyətinin ağır olduğunu bildirib.

İsrailin keçən həftə Livanın paytaxtı Beyrutda təşkil etdiyi hücumda Hizbullahın yüksək rütbəli hərbi komandiri Fuad Şükürü öldürdükdən sonra Hizbullahın qisas alacağı gözlənilir.

Günel Məlikzadə