Fəsillər insanların mənəvi dəyərlərinə NECƏ TƏSİR EDİR?
    • Dünən, 21:36
    • 42

Fəsillər insanların mənəvi dəyərlərinə NECƏ TƏSİR EDİR?

Britaniya Kolumbiyası Universitetinin alimləri bəşəri mənəvi dəyərlərin mövsümi dalğalanmalara məruz qaldığını aşkar ediblər. Yaz və payızda insanlar daha mühafizəkar baxışlar nümayiş etdirib, yay və qışda isə liberalizmə meyl ediblər. 

News24.az xəbər verir ki, tədqiqatın nəticələri Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında dərc olunub.

On illik tədqiqatda ABŞ, Kanada, Böyük Britaniya və Avstraliyanın 230 mindən çox sakini iştirak edib. Könüllülərdən beş əxlaqi dəyərə sadiqliklərini qiymətləndirmələri istənilib.

Nəticələr göstərib ki, amerikalıların kollektivist dəyərlərə dəstəyi yaz və payız aylarında artıb. Oxşar tendensiyalar Kanada və Avstraliyadan olan iştirakçılar arasında da müşahidə olunub. İngiltərədə isə mövsüm mühafizəkarlıq səviyyəsinə təsir göstərməyib.

Alimlərin fikrincə, bu dəyişikliyi izah edən mümkün amillərdən biri narahatlıq səviyyələrindəki dalğalanmalardır. Anksiyete səviyyələrinin mövsümi olaraq dəyişdiyi, yaz və payızda zirvəyə çatdığı bilinib. Bəlkə də təbiətin dəyişdiyi bu dövrlərdə insanlar şüuraltı olaraq qrup əlaqələrini gücləndirərək dəstək və sabitliyə can atırlar.

Məryəm İlhamqızı