-
- 13-08-2024, 17:08
- 224
İlin ən böyük meşə yanğını - FOTOlar
Yunanıstan meşə yanğınları ilə mübarizəni davam etdirir.
News24.az xəbər verir ki, bazar günü Afinanın 35 kilometr şimalındakı Varnavas kəndi yaxınlığında başlayan yanğına çoxlu maşın və su bombardmançılarının dəstəyi ilə yüzlərlə yanğınsöndürən müdaxilə edib.
Güclü külək nəticəsində alovlanan yanğın dünən meşəlik və dağlıq ərazidən şəhərətrafı ərazilərə keçərək şəhəri tüstü və külə bürüyüb.
İllərdir mərkəzə bu qədər yaxın yanğın görməmiş məhəllələrdə çaxnaşma yaranıb.
Bildirək ki, avqustun 11-də başlayan yanğın ölkədə ilin ən böyük yanğını kimi qeydə alınıb.
Yunanıstan Yanğınsöndürənlər Federasiyasının prezidenti Nikos Lavranos, "Bu yanğın gözlənilməz bir hadisə idi. Güclü küləklər səbəbindən sürətlə böyüdü" dedi.
Evakuasiya əmrinə tabe olmayan bəzi şəxslərin daha sonra evlərində qapalı qaldığını izah edən Lavranos, bu insanların xilas edilməsinin yanğınsöndürənlərin həyatını təhlükəyə atdığını bildirib.
Eyni zamanda, yanğınsöndürmə briqadasının məlumatına görə, yanğın Afinanın mərkəzindən təxminən 14 kilometr aralıda yerləşən Vrilissiyaya çatıb və orada bir nəfər ölüb.
Meşə yanğınının səbəbi hələ müəyyən edilməsə də, Yunanıstan səlahiyyətliləri bu gün yüngül küləklər və yanğınsöndürmə səyləri sayəsində yanğının şiddətinin azaldığını bildirib.
Onu da qeyd edək ki, ən azı üç xəstəxana da daxil olmaqla 30-dan çox ərazi evakuasiya edilməli olsa da, Afinanın bəzi yerlərində elektrik enerjisi kəsilib.
Polis 250-dən çox insanın təxliyəsinə kömək edib, bəzi sakinlər isə gecəni sığınacaqlarda keçirib.
Günel Məlikzadə