Bakı Metropolitenində iki yeni güclü ventilyator istismara verilib
    • 4-06-2019, 15:16
    • 908

Bakı Metropolitenində iki yeni güclü ventilyator istismara verilib

"Bakı Metropoliteni" QSC stansiya və tunellərdə köhnə ventilyasiya avadanlıqlarının yeniləri ilə əvəzlənməsi məqsədilə 2019-cu il üçün nəzərdə tutulmuş ilk əhəmiyyətli tədbirini həyata keçirib. 

Qurumdan News24.az-averilən məlumata görə, Rusiyanın “Ventprom” maşınqayırma zavodunda istehsal olunaraq Bakıya gətirilmiş 7 yeni güclü ventilyatordan ikisi “Qara Qarayev” və Yaşıl xəttin “Memar Əcəmi” stansiyalarında istismara verilib. 

Son illərdə Bakı metropolitenində müasir sistemlərin tətbiqi daha geniş vüsət almaqdadır. Metropolitenin sosial əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, sərnişin təhlükəsizliyi və rahatlığının daha da yüksək standartlar səviyyəsinə çatdırılması məqsədilə əhəmiyyətli yeniliklər edilir. 2019-cu ildə də bu istiqamətdə mühüm addımlar atılır. Ölkə başçısının tapşırığına uyğun olaraq, ehtiyat elektrik təchizatı mənbələrinin yaradılması, vaqon parkının yenilənməsi, yeni və mövcud xətlərdə qatarların hərəkətinin təşkili və tənzimlənməsində müasir avadanlıqların, sistemlərin tətbiqi xüsusi qeyd oluna bilər. Stansiya və tunellərdə süni havalandırmanın təşkilində xüsusi rol oynayan ventilyasiya qurğularının yeni nəsil avadanlıqları ilə əvəzlənməsi də bu qəbildən diqqət çəkən yeniləşmə nümunələridir.

Ümumən Bakı metropoliteninin stansiya və tunellərindəki istismar müddəti başa çatmış ventilyasiya sisteminin daha məhsuldar və səmərəli avadanlıqlarla əvəz edilməsi məqsədilə ötən il dünyanın aparıcı şirkətlərinin istehsalı olan məhsullarının monitorinqi aparılıb. Yekun nəticə kimi, metropolitenin bütün tələblərinə uyğun gələn ən optimal variant - Rusiyanın Artyomovsk şəhərində yerləşən “Ventprom” maşınqayırma zavodunun məhsulları seçilərək, müqavilə imzalanıb.

İstehsal prosesindən sonra güclü ventilyatorların zavod şəraitində sınağı keçirilib. Qurğuların bütün texniki parametrlərinin, idarəetmə lövhələrinin, nəzarət-məlumat vericilərinin “Bakı Metropoliteni” QSC-nin texniki tapşırıqlarına uyğunluğu yoxlanılıb. Yeni ventilyatorun iş rejimini axından sovurmaya və əksinə 20 saniyə ərzində dəyişmək mümkündür. Bu isə təhlükəsizliyin artırılması, fövqəladə hallarda bir rejimdən digərinə daha çevik keçid baxımından əhəmiyyət kəsb edir. Hava axınının daha səmərəli və məhsuldar yayılmasına, həmçinin platforma səviyyəsinə birbaşa yönəlməsi məqsədilə quraşdırma zamanı hər bir detala, hətta ventilyatorların döşəmə səviyyəsindən hündürlüyünə də xüsusi diqqət yetirilib.

"Bakı Metropoliteni” QSC-nin texniki tapşırığına əsasən, ventilyatorun idarəetmə sistemləri istehsalçı müəssisə tərəfindən “Siemens” və “Schneider” şirkətlərinin avadanlıqları üzərində qurulub. Həmçinin relelər, avtomat açarlar və digər cihazları normal temperatur rejimində saxlamaq üçün idarəetmə paneli ventilyatorla, eyni zamanda avtomatik yanğınsöndürmə vasitəsi ilə təchiz edilib.